Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Elçin Mehdiyev/
Dünyada baş verən münaqişələr qeyri-leqal iqtisadiyyatın "inkişafı"na səbəb olur. Trend-in məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda "Barış" adlı paneldə çıxışı zamanı Əfqanıstanın sabiq Prezidenti Həmid Kərzayi deyib.
H.Kərzai bildirib ki, münaqişələrə, qeyri-sabitliyin və təhlükəsizliyin pozulmasına həm daxili, həm də kənar amillər təsir edir.
Onun sözlərinə görə, daxili amillər müxtəlif olsa da, kənar amillər - xarici dövlətlərin maraqları və s. - əksər hallarda eyni olur.
Prezident qeyd edib ki, münaqişələrə kənar amillər təsir göstərəndə barışa nail olmaq kifayət qədər çətin olur və bu, vaxt tələb edir.
Əfqanıstan təcrübəsinə toxunan H.Kərzayi bildirib ki, regional qruplaşmalar, maraqlar və beynəlxalq güclərin oyunları münaqişələrə təsir göstərir: "Əksər hallarda münaqişələrin sonu barışla nəticələnsə də, elə münaqişələr var ki, onların həlli xeyli vaxt tələb edir".