...

Azərbaycan və Pakistan arasında aviareys açılır

Siyasət Materials 27 İyul 2015 13:47 (UTC +04:00)
Azərbaycan və Pakistan arasında aviareys açılır.
Azərbaycan və Pakistan arasında aviareys açılır

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan və Pakistan arasında aviareys açılır. "Türk Hava Yolları" (THY) aviaşirkətinin təyyarələri avqustun 12-dən İslamabad-Bakı-İstanbul marşrutu üzrə uçuş həyata keçirəcək. Bunu Trend-ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov deyib.

Əldə edilmiş üçtərəfli razılaşmaya əsasən, reys həftədə iki dəfə - bazar ertəsi və cümə günləri - THY-nin təyyarələri tərəfindən həyata keçiriləcək. Reysin biletlərinin qiyməti təqribən 600-650 dollar, uçuşun müddəti isə təxminən 3 saat olacaq.

Aviaresyin bərpa edilməsi barədə razılıq Pakistan Prezidenti Məmnun Hüseynin bu ilin martında Azərbaycana rəsmi səfəri zamanı əldə edilmişdi.

Səfir bildirib ki, Prezident M.Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bu təşəbbüslə çıxış edib: "Azərbaycan Prezidenti İlham Əliyev təşəbbüsü dəstəkləyib".

Mövcud İstanbul-İslamabad aviareysinin Bakıyadək uzadılması məsələsi Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə də müzakirə olunmuşdu.

D.Şikarov qeyd edib ki, aviareysin açılması iki ölkənin turizm sahəsində əməkdaşlığının inkişafına yardım edəcək: "Pakistan xalqı Azərbaycanı sevir. Birinci Avropa Oyunlarında pakistanlıların yerli telekanallarının yayımladığı veriliş və çarxlar vasitəsilə ölkəmizlə daha yaxından tanış olmaq imkanı var idi və çoxları Azərbaycana səfər etmək arzusunu bildirib. İndi onların belə imkanı yaranıb".

Onun sözlərinə görə, aviareysin açılması iki ölkənin iqtisadi əlaqələrinə də xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti