...

Deputat: Azərbaycan, Rusiya və İran arasında münasibətlərin inkişafında hər üç tərəf maraqlıdır

Siyasət Materials 7 Aprel 2016 16:27 (UTC +04:00)
Azərbaycan, Rusiya və İran regionun önəmli dövlətləridir, regionda söz sahibləridir və bu üç ölkə arasında hərtərəfli münasibətlərin inkişafı hər üç dövlətin maraqlarına tamamilə uyğundur.
Deputat: Azərbaycan, Rusiya və İran arasında münasibətlərin inkişafında hər üç tərəf maraqlıdır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan, Rusiya və İran regionun önəmli dövlətləridir, regionda söz sahibləridir və bu üç ölkə arasında hərtərəfli münasibətlərin inkişafı hər üç dövlətin maraqlarına tamamilə uyğundur. Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı Bakıda keçirilən Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşünə münasibət bildirərkən deyib.

F.Ağamalı hesab edir ki, son vaxtlar "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə bağlı gedən intensiv danışıqların artıq yekun mərhələsidir: "Bu yekun mərhələni başa çatdırmaq və hər dövlət üzərinə düşən vəzifəni yerinə yetirmək üçün bu məsləhətləşmələri artıq sona çatdırmaq niyyətindədir. Düşünürəm ki, buna da artıq nail olublar, çünki ortada hər hansı bir ciddi fikirayrılığı yoxdur. Bu razılaşma əsasında Rusiyanın İrana, İrandan da birbaşa iki dənizə çıxmaq imkanları olacaq. Bu, Rusiya üçün çox önəmli bir məsələdir. İran da, əlbəttə, Rusiya ilə münasibətlərinin hər zaman yüksək səviyyədə olmasına çalışan bir ölkədir. Azərbaycan "Şimal-Cənub" nəqliyyat dəhlizinin qovşağında yerləşir, buna görə də Azərbaycansız bu layihənin həyata keçirilməsi mümkün deyil. Bu layihə Azərbaycana da əhəmiyyətli dividendlər gətirəcək".

Millət vəkili qeyd edib ki, nazirlərin görüşundə aparılan bütün danışıqlar Azərbaycan üçün əhəmiyyətlidir: "Mən qətiyyən şübhə etmirəm ki, işğal edilmiş Azərbaycan torpaqları ilə bağlı məsələlər də yəqin ki gündəliyə çıxarılıb, bununla bağlı fikir mübadiləsi aparılıb. Hər halda mən çox arzulayardım ki, hər iki dövlətin xarici işlər nazirləri, eyni zamanda prezidentləri də Azərbaycanın yanında olsunlar və Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması üçün öz imkanlarından maksimim istifadə etsinlər. Məncə, bu da gözləniləndir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti