...

Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərin təqvim planı təsdiq edildi

Siyasət Materials 16 Aprel 2016 12:24 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında Azərbaycan Milli Məclisinə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planını təsdiq edib.
Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərin təqvim planı təsdiq edildi

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında Azərbaycan Milli Məclisinə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planını təsdiq edib.

Trend-in məlumatına görə, iclasda çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, seçkilər ədalətli və demokratik şəkildə keçiriləcək.

Təqvim planına əsasən, seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı rəsmi dərc olunduqdan sonra passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları deputatlığa namizədlərin irəli sürülməsi hüququna malikdirlər.

Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi aprelin 29-dan mayın 19-u saat 18:00-dək başa çatmalıdır. Qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına mayın 26-da başlanacaq, 17 iyun saat 08:00-da dayandırılacaq.

MSK tərəfindən "exit-poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi mayın 29-dək davam edəcək və Komissiya iyunun 8-dək "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul edəcək. Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının və dairə seçki komissiyasının yekun protokollarındakı məlumatların MSK-nın internet saytında ilkin məlumat kimi yerləşdirilməsi protokol tərtib edildikdən sonra gecikdirilmədən həyata keçiriləcək.

Seçkilərin ilkin nəticələrinin MSK tərəfindən seçki dairəsi üzrə ümumiləşdirilmiş cədvəl şəklində dərc edilməsi və həmin məlumatların Komissiyanın internet səhifəsində yerləşdirilməsi seçki dairəsi üzrə səsvermənin nəticələrinə dair protokollar MSK-ya təqdim edildikdən dərhal sonra təmin ediləcək. MSK iyulun 8-dək təkrar seçkilərin nəticələrini yoxlayacaq və yekun vuracaq.

Protokollar yoxlanıldıqdan sonra 24 saat müddətində MSK seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün protokolları Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi isə müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə təkrar seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsini təmin etməlidir. Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra MSK deputat seçilmiş şəxsə deputat vəsiqəsi verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti