...

Çingiz Əsgərov: Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı fərqli yanaşma nümayiş etdirir

Siyasət Materials 2 İyun 2016 17:07 (UTC +04:00)
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı fərqli yanaşma nümayiş etdirir
Çingiz Əsgərov: Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı fərqli yanaşma nümayiş etdirir

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı fərqli yanaşma nümayiş etdirir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

Ç.Əsgərov bildirib ki, Azərbaycandan olan Çıraqovlar Avropa Məhkəməsinə 2015-ci ildə müraciət etsə də, Avropa Məhkəməsi bu şikayət üzrə kommunikasiyaya dərhal başlamamışdı: "Yalnız 1 ildən sonra ermənilər Azərbaycana qarşı şikayət verdikdə, Avropa Məhkəməsi hər iki şikayət üzrə eyni prosedura başlamışdı".

O bildirib ki, Avropa Məhkəməsi Azərbaycanın bu məhkəmədə hansısa üstün mövqeyə malik olmasını istəmir.

Ç.Əsgərov Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Avropa Məhkəməsinə edilən müraciətə də toxunub. O deyib ki, 2 ildir, Dilqəm Əsgərov və Şahbaz Quliyev Dağlıq Qarabağda qanunsuz həbsdə saxlanılır: "Bununla bağlı da Avropa Məhkəməsinə şikayət göndərilib. Avropa Məhkəməsindən tələb edilib ki, bu şikayətə baxılmasına prioritet verilsin, bu şəxslər ya azadlığa buraxılsın, ya da üçüncü dövlətdə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məhkəmə prosesi keçirilsin ki, ədalətli məhkəmə baxışı hüququ təmin edilsin. Lakin Avropa Məhkəməsi şikayətə prioritet baxmaqdan imtina edib. Mən öz tərəfimdən Azərbaycan hökumətinin Avropa Məhkəməsinə nümayəndəsi kimi Avropa Məhkəməsinin sədrinə məktubla müraciət etdim. Məktubda da bildirilib ki, Azərbaycana fərqli yanaşma yolverilməzdir, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı ərizəyə tez bir zamanda baxılmalıdır. Amma Avropa Məhkəməsi bu müraciətə tutarlı cavab verə bilmədi. Hələ də ərizələr üzrə prosedura başlanmayıb".

O bildirib ki, yəni Azərbaycana münasibətdə Avropa Məhkəməsində fərqli yanaşma var: "Məsələn, nümayiş zamanı inzibati qaydada həbs edilən şəxs, yaxud QHT üzvü ilə bağlı müraciətlə əlaqədar Avropa Məhkəməsi dərhal kommunikasiyaya başlayır, Azərbaycana kommunikasiya göndərir, bir il yarımdan sonra Avropa Məhkəməsi qərar qəbul edir. Bu yanaşma göstərir ki, 1 milyondan çox qaçqın və məcburi köçkünün vəziyyəti Avropa Şurası və Avropa Məhkəməsi üçün heç bir əhəmiyyət kəsb etmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti