Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Salyan şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Salyan rayonunun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilib, əsas kapitala yönəldilmiş vəsait 55,2 dəfə, tikinti-quraşdırma işləri 101,8 dəfə artıb, Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 40 mənzilli 3 yaşayış binası inşa edilib, Mərkəzi rayon Xəstəxanası yenidən qurulub, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilib, 43 kənddə sutəmizləyici qurğular quraşdırılıb, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, iri istehsal və emal müəssisələri yaradılıb, 16 mindən çox yeni iş yeri açılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
Sərəncamda qeyd olunur ki, Salyan şəhərində 1200 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Salyan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılsın.
Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.