...

Azərbaycanın Dövlət Bayrağı Günü BƏƏ mediasının gündəmində

Siyasət Materials 9 Noyabr 2016 12:27 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu “Əl-Fəcr” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovun “Azərbaycan Bayraq Gününü qeyd edir” məqaləsi dərc olunub.
Azərbaycanın Dövlət Bayrağı Günü BƏƏ mediasının gündəmində

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu “Əl-Fəcr” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovun “Azərbaycan Bayraq Gününü qeyd edir” məqaləsi dərc olunub.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən Trend-ə verilən məlumata görə, məqalənin girişini Ümummilli Lider Heydər Əliyevin “Yüksələn bayraq daim dalğalanmalıdır” kəlamı ilə başlayan səfir müdrik öndərin bu hikmətli ifadəsinin Azərbaycan xalqının vahidliyini və bayrağı ətrafında sıx birliyini, o cümlədən milli qürur mənbəyini möhkəmləndirdiyini vurğulayaraq, Dövlət Bayrağı Gününün hər bir azərbaycanlı üçün əziz gün olduğunu qeyd edib.

Bu şanlı bayramın Azərbaycanda yaşanan hərtərəfli inkişaf üçün əlavə stimul olduğunu vurğulayan D.Şikarov xalqımızın müdrik rəhbərliyinin dəstəyi ilə vətənpərvərliyin ən yüksək nümunələrini tarixdə yazdırdığını və dövlət bayrağının hər zaman yüksəklikdə qalmasından, eləcə də sülh, tolerantlıq və məhəbbət prinsiplərinin qorunmasından ötrü səylər və inadkarlıq göstərdiyini qeyd edib. Diplomat həmçinin, Dövlət Bayrağı Gününün qeyd edilməsinin xalqın, Vətənin inkişafını təmin edən, dövləti irəliyə aparan Azərbaycan Prezidenti İlham Əliyevə olan dərin ehtiram və təqdirinin həqiqi ifadəsi olduğunu xüsusilə qeyd edib.

Sonra səfir bayrağımızın tarixi barədə ətraflı məlumat verib. O, bayrağımızın ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edildiyini və SSRİ dönəmində köklü dəyişikliklərə məruz qaldığını oxucuların diqqətinə çatdırıb. Həmçinin, bayrağımızın təsviri haqqında bilgilər məqalədə qeyd edilib.

Dövlət bayrağımızın müasir tariximizdə bərpasının tarixçəsini oxucuların nəzərinə çatdırarkən səfir D.Şikarov 1990-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli bayrağımızın muxtar respublikanın dövlət bayrağı olaraq təsdiq edildiyinə diqqət çəkib. Sonra paytaxt Bakıda Dövlət Bayrağı Meydanından söhbət açan səfir onun yaradılması haqqında Prezident İlham Əliyevin 2007-ci ilin noyabrın 17-də sərəncam imzaladığını və 1 sentyabr 2010-cu ildə sözügedən meydanın rəsmi açılışını etdiyini yada salıb, dövlətimizin başçısının digər - 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə 9 noyabr gününün rəsmən Dövlət Bayrağı Günü elan olunduğunu bildirib.

Səfir, eyni zamanda məqalədə Dövlət Bayrağı Meydanında dalğalanan bayrağın ölçülərini təsvir edərək, 2010-cu il mayın 29-da Ginnesin rekordları kitabında bayrağın dirəyini dünyada ən hündür bayraq dirəyi olaraq qeyd olunduğunu bildirib. Bundan əlavə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdiyi, 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazasının təkmilləşdirildiyi qeyd edilib.

Məqalənin yekununda Səfir D.Şikarov izzət, kəramət, qürur və iftixar mənbəyi olan dövlət bayrağının Azərbaycan xalqı üçün yüksək rəmzi məna daşıdığını xüsusilə qeyd edərək, xalqımızın Dövlət Bayrağı Günü kimi gözəl bayramını qeyd etməklə, öz Vətəninin bayrağına və öndərinə, habelə şanlı keçmişinə, gözəl gələcəyinə sədaqətini və səmimiyyətini bir daha nümayiş etdirdiyini oxucuların nəzərinə çatdırıb, Dövlət Bayrağı Gününün Vətən, vətəndaş və yetişən nəsillərin gələcəyi naminə tərəqqi və quruculuq üfüqlərinə doğru addımlamaq qətiyyətinin yenilənməsi olduğunu xüsusilə qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti