...

Probasiya Xidmətinin rəisi elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı tapşırıq verdi (FOTO)

Siyasət Materials 26 Dekabr 2017 16:03 (UTC +04:00)
Probasiya Xidmətinin fəaliyyətinə dair geniş müşavirə keçirilib.
Probasiya Xidmətinin rəisi elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı tapşırıq verdi (FOTO)

Bakı. Trend:

Probasiya Xidmətinin yeni təyin olunmuş rəisi Akşin Ziyadov elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı tapşırıq verib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Probasiya Xidmətinin, yerli icra və probasiya, regional ədliyyə qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin, probasiya üzrə bütün icra məmurlarının iştirakı ilə Xidmətin qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.

Tədbirə, həmçinin ədliyyə orqanlarında işləmək üçün müsabiqədən uğur qazanmış və hazırda Ədliyyə Akademiyasında icbari təlim kursu keçən, bir çoxunun probasiya xidmətinə təyinatı nəzərdə tutulan 100-ə yaxın gənc hüquqşünas cəlb olunub.

Müşavirəni giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli tərəqqisinə yönələn ardıcıl və məqsədyönlü tədbirlərin ədliyyə və məhkəmə sistemini də əhatə etdiyini vurğulayıb, dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair sərəncamının müstəsna əhəmiyyətini qeyd edib, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında ölkəmiz üçün yeni olan probasiya xidmətinin mühüm roluna və bu sahədə görülən tədbirlərə toxunub, Xidmətin yeni təyin olunmuş rəisi Akşin Ziyadovu kollektivə təqdim edib.

Sonra probasiya institutunun mahiyyəti və məqsədlərindən, beynəlxalq təcrübədə tətbiqindən bəhs edən Xidmətin rəisi A.Ziyadov qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.

Bildirilib ki, azadlıqdan məhrum etmə cəzasının tətbiqinin azaldılması və daha çox alternativ cəzalara üstünlük verilməsi niyyəti ilə dövlət başçısı tərəfindən təsis edilmiş Probasiya Xidmətinin təşkili üzrə ötən dövrdə kompleks tədbirlər görülüb, bu sahədə işin müasir tələblər səviyyəsində səmərəli qurulması məqsədilə Ədliyyə Nazirliyi üzrə 1 dekabr 2017-ci il tarixli əmrlə konkret vəzifələr müəyyən edilib.

İclasda həmin vəzifələr yerli icra və probasiya qurumlarının diqqətinə çatdırılaraq cəmiyyətdən təcridetməyə alternativ, o cümlədən azadlığın məhdudlaşdırılması növündə yeni cəzanın qanunvericiliyin tələblərinə tam riayət edilməklə dürüst və mütəşəkkil icrasının təmin olunması, ictimai işlər növündə cəzanın icrasında formal yanaşmaya son qoyulması və bu cəzanın düzgün icrası üçün yerli icra hakimiyyətləri ilə mütəmadi əlaqəli işin qurulması, səmərəli probasiya nəzarətinin təşkili, elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı və digər konkret tapşırıqlar verilib.

Müşavirədə nazirliyin aidiyyəti rəhbər şəxsləri tərəfindən çıxışlar edilərək dövlət başçısının humanist siyasətinin təzahürü olan sərəncamının insanların azadlıq hüququnun qorunmasına xidmət etdiyi vurğulanıb, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəliliyinin artırılmasında və effektiv nəzarətin həyata keçirilməsində Probasiya Xidmətinin mühüm rolu qeyd olunub, xidmətin qarşısında duran vəzifələri layiqincə yerinə yetirəcəyinə, cəmiyyətdən təcridetməyə alternativ cəzaların məqsədlərinə nail olunacağına və bu sahədə həyata keçirilən islahatlara öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

İclasda yerli qurumların rəhbərləri dinlənilib, mövcud problemlərin səbəbləri və onların aradan qaldırılması yolları müzakirə edilib.

Müşavirəyə yekun vuran nazir müavini xidmətin işinin dövlət başçısının tələbləri səviyyəsində təşkili, tabe qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin həyata keçirilməsi və regional ədliyyə idarələrinin imkanlarından istifadə etməklə əməli və metodiki köməkliyin gücləndirilməsi, əməkdaşların məsuliyyət hissinin və peşəkarlığının yüksəldilməsi ilə bağlı tapşırıqlar verib, probasiya nəzarətinə götürülən şəxslərin hüquq və azadlıqlarına hörmət edilməsinin, qanunçuluğa, etik davranış qaydalarına dönmədən əməl olunmasının, vətəndaşların müraciətlərinə qayğı ilə yanaşılmasının, korrupsiyanın yolverilməzliyinin hər bir probasiya əməkdaşının ən ümdə vəzifəsi olduğunu vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli sərəncamı ilə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin yaradılması təsbit edilib. Dövlət başçısının cari ilin noyabrın 7-də imzaladığı fərmanla nazirliyin strukturunda ayrıca baş idarə səlahiyyətli Probasiya Xidməti təsis edilib, 2017-ci il 1 dekabr tarixli qanunla Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər edilməklə probasiya nəzarəti təsbit olunub və həmin qanuna uyğunlaşdırılmaqla xidmətin Əsasnaməsi təsdiq edilib, habelə yerli icra və probasiya qurumları yaradılıb. Nazirlik tərəfindən digər zəruri təşkilati tədbirlər görülərək Probasiya Xidməti fəaliyyətə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti