...

Daimi nümayəndəlik: Edvard Nalbandyan öz ölkəsində insan hüquqları sahəsində bölüşməyə layiq bir yenilik tapa bilməyib

Siyasət Materials 1 Mart 2018 16:18 (UTC +04:00)
Edvard Nalbandyan öz ölkəsində insan hüquqları sahəsində bölüşməyə layiq bir yenilik tapa bilməyib.
Daimi nümayəndəlik: Edvard Nalbandyan öz ölkəsində insan hüquqları sahəsində bölüşməyə layiq bir yenilik tapa bilməyib

Bakı. Trend:

Edvard Nalbandyan öz ölkəsində insan hüquqları sahəsində bölüşməyə layiq bir yenilik tapa bilməyib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu BMT İnsan Hüquqları Şurasının 37-ci sessiyasında Azərbaycanın Cenevrədə yerləşən beynəlxalq təşkilatlar yanında Daimi nümayəndəliyinin birinci katibi Yalçın Rəfiyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın yüksək səviyyəli seqmentdə çıxışına cavab olaraq deyib.

Y.Rəfiyev qeyd edib: "Yüksək səviyyəli seqmentin başlanğıcından etibarən biz müxtəlif dövlətlərin yüksək vəzifəli nümayəndələrinin öz ölkələrində insan hüquqlarının qorunması sahəsində əldə edilən nailiyyətlər barədə həvəslə danışmalarını izləyirik. Ermənistanın xarici işlər naziri isə dünənki çıxışının əksər hissəsini öz ölkəsi əvəzinə Azərbaycana həsr edib. Buradan belə bir qənaətə gəlmək mümkündür ki, Ermənistan naziri öz ölkəsində insan hüquqlarının təşviqi və qorunması sahəsində Şura ilə bölüşməyə dəyər bir yenilik tapa bilməyib. Bunun əvəzinə o, çıxışını Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı təkzibolunmaz dəlilləri inkar etməyə, Xocalıda törədilmiş insanlıq əleyhinə cinayətləri təkzib etməyə və Azərbaycanın müstəqillik qazanmasından əvvəlki dövrdə baş verən faciəvi hadisələrlə bağlı yersiz ittihamlarla mənim ölkəmə hücum etməyə həsr edib".

Diplomatın sözlərinə görə, ölçüyəgəlməz sayda mövcud olan təkzibolunmaz dəlillər sübut edir ki, Ermənistan Azərbaycana qarşı müharibəni başladıb, Azərbaycana hücum etməklə Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar daxil olmaqla onun ərazilərini işğal edib, kütləvi surətdə etnik təmizləmə həyata keçirib və işğal olunmuş ərazilərdə etnik separatçı qurum yaradıb:

"Müharibənin gedişində Ermənistanın hərbi rəhbərliyi tərəfindən mülki Azərbaycan əhalisinə qarşı ən qəddar beynəlxalq cinayətlər törədilib.

Dünənki çıxışı zamanı Ermənistan naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən və artıq 26 ildir Ermənistanın işğalı altında olan Xocalı rayonunun adını çəkib. İcazə verin 1992-ci ildə Xocalıda nə baş verdiyi barədə iştirakçıları məlumatlandırım. Həmin il 25 fevral tarixindən 26 fevrala keçən gecə Xocalının günahsız mülki sakinləri Ermənistan hərbi qüvvələri tərəfindən bəşəriyyət tarixinin indiyə qədər görmüş olduğu ən qəddar vəhşiliklərdən birinə və müharibə cinayətlərinə məruz qalıb. Nəticədə qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla 613 azərbaycanlı qətlə yetirilib. Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan Xocalıda törədilən soyqırımda şəxsən iştirak edərək vəhşilikləri törədən qüvvələrə komandanlıq edib. Bu məqamda prezident Sarkisyanın 2003-cü ildə Böyük Britaniyadan olan jurnalist Tomas de Vaala müsahibəsini xatırlarmaq istərdim. Müsahibədə Sarkisyan Xocalı soyqırımını belə xatırlamışdır: “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik”. Bu cümlələrlə Ermənistan prezidenti əslində Azərbaycan tərəfinin müharibə şəraitində olsa belə beynəlxalq humanitar hüquq çərçivəsində qarşı tərəfdən sadəlövh gözləntilərini və sonradan bu gözləntilərdə necə yanıla bildiyini çox gözəl təsvir edib".

Y.Rəfiyev bildirib ki, Ermənistan naziri çıxışında həmçinin BMT qurumlarının Dağlıq Qarabağ bölgəsində insan hüquqlarının vəziyyətini qiymətləndirmək üçün əraziyə səfər etməsinin zəruri olduğunu ifadə edib: "Bu xüsusda, Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdim ki, məhz onun ölkəsi tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüquqları kobud şəkildə pozulmuş əhalisinin 1 nəfər belə nümayəndəsi hazırda həmin ərazidə yaşamır. Onlar məcburi köçkün qismində Azərbaycanın işğal altında olmayan digər şəhərlərində yaşayır. Əgər BMT qurumları Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar insan hüquqları pozuntularını qiymətləndirmək niyyətində olsalar, onlar Azərbaycanın məcburi köçkünlərinin vəziyyətini öyrənmək üçün Azərbaycana gələ bilərlər.

Ermənistan nazirinin Sumqayıtda baş verən faciəvi hadisələrlə əlaqədar ifadə etdiklərinə gəldikdə isə, iştirakçıların nəzərinə çatdırmaq istərdim ki, SSRİ Mərkəzi hakimiyyət orqanları tərəfindən həyata keçirilmiş istintaq tədbirləri nəticəsində Sumqayıtda baş verən hadisələri törədənlər olaraq etnik erməni mənşəli Eduard Qriqoryan və Jirayr Azizbekian müəyyən edilmiş və onlar digərləri ilə birlikdə hüquqi məsuliyyətə cəlb edilmişlər. İstintaq zamanı toplanmış materialların təhlili təsdiq edir ki, Sumqayıtda törədilən iğtişaş Azərbaycana qarşı Ermənistan və SSRİ kəşfiyyat qurumları tərəfindən təşkil olunmuş təxribat olmuşdur. Bu fakt Ermənistan prezidenti Serj Sarkisyanın 2005-ci ilin 30 mart tarixində Ermənistan Parlamentində keçirilmiş dinləmələr zamanı səsləndirdiyi bəyanatda da öz təsdiqini tapmışdır: “Sumqayıtda baş verən iğtişaşın və şəhərin erməni sakinlərinin kütləvi qətlinin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzarəti altında törədildiyinə dair kifayət qədər əsaslar var”.

Diplomatın sözlərinə görə, təəssüf ki, beynəlxalq ictimaiyyət Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünlərinin hüquqlarının kobud şəkildə pozulmasını illərdir sükutla izləyir. Bununla əlaqədar, mən hazırkı qeydlərimi məşhur bir yazıçıdan sitat gətirmək vasitəsilə beynəlxalq ictimaiyyətə müraciətlə bitirmək istərdim:

“Əgər bir haqsızlıq görürsənsə onu görməyə bilmərsən və əgər bu haqsızlığı görüb ona münasibət bildirmirsənsə bu sükut həmin haqsızlıq barədə danışmaq qədər siyasi bir əməldir. Biz bütün dövlətləri Azərbaycanın qaçqın və məcburi köçkünlərinin üzləşdiyi haqsızlıqlara sükutla yanaşmamağa və onların hüquqlarının bərpasına dəstək verməyə çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti