Bakı. Trend:
Azərbaycanın Rusiyadakı səfirliyində prezident seçkiləri ilə əlaqədar yaradılmış seçki məntəqəsində səsvermə başa çatıb.
Trend AZƏRTAC-a istinadən xəbər verir ki, səfirliyin binasında yerləşən 17 saylı Yasamal üçüncü seçki dairəsinin 47 saylı məntəqəsində səsvermə Moskva vaxtı ilə saat 19:00-da başa çatıb. Seçkinin gedişatı barədə məlumatlar gün ərzində Mərkəzi Seçki Komissiyasına göndərilib.
Seçki məntəqəsinin sədri Ağalar Atamoğlanov jurnalistlərə bildirib ki, məntəqədə qeydiyyata olan 1499 nəfərin hamısı səs verib. O deyib: “Seçicilər səsvermədə fəal iştirak ediblər. Seçki prosesi artıq başa çatıb. Seçki qutusu mətbuat nümayəndələrinin iştirakı ilə açılıb və bülletenlərin sayılmasına başlanacaq”.
Qeyd edək ki, səsvermə prosesi Azərbaycan Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun aparılıb. Yekun nəticələr xüsusi proqram vasitəsilə Mərkəzi Seçki Komissiyasına göndəriləcək.
Bu il Azərbaycanın Rusiyadakı səfirliyi ilk dəfə səsvermə hüququndan istifadə edən Azərbaycan vətəndaşları üçün şəhadətnamələr hazırlamışdı. Şəhadətnamələri səfir Polad Bülbüloğlu təqdim edib.
Azərbaycanın Sankt-Peterburqdakı və Yekaterinburqdakı baş konsulluqlarında da səsvermə prosesi başa çatıb. Sankt-Peterburqdakı baş konsul Sultan Qasımovun sözlərinə görə, baş konsulluqda yaradılmış seçki məntəqəsində qeydiyyatda olan 841 seçicinin hamısı səs verib. Yekaterinburdakı baş konsulluqda da qeydiyyatda olan seçicilərin fəallığı 100 faizdir.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.
Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.