...

ECR missiyası: Səslərin sayılması peşəkarcasına, düzgün və şəffaf şəkildə aparılıb

Siyasət Materials 12 Aprel 2018 10:23 (UTC +04:00)
"Avropa parlamentində Avropa Mühafizəkarlar və Reformistlər qrupunun (ECR) üzvlərindən ibarət missiyamız bəyan edir ki, 11 apreldə keçirilən prezident seçkiləri bəzi çatışmazlıqlar qeydə alınması ilə müşahidə olunsa da, onlar səsvermənin son nəticələrinə təsir göstərməyib".
ECR missiyası: Səslərin sayılması peşəkarcasına, düzgün və şəffaf şəkildə aparılıb

Bakı. İlhamə İsabalayeva -Trend:

"Avropa parlamentində Avropa Mühafizəkarlar və Reformistlər qrupunun (ECR) üzvlərindən ibarət missiyamız bəyan edir ki, 11 apreldə keçirilən prezident seçkiləri bəzi çatışmazlıqların qeydə alınması ilə müşahidə olunsa da, onlar səsvermənin son nəticələrinə təsir göstərməyib".

Trend-in məlumatına görə, bunu missiyanın üzvü, Polşadan olan müşahidəçi Beata Sobkeviç prezident seçkilərinin nəticələri ilə əlaqədar keçirdikləri brifinqdə deyib.

Onun sözlərinə görə, ümumilikdə bu seçkilər peşəkar və hüquqi qaydada və dinc, azad, şəffaf mühitdə həyata keçirilib: "Bir sıra seçki məntəqələrində səslərin sayılması prosesini müşahidə etdik. İştirak edən bütün müşahidəçilərin fikrincə, səslərin sayılması peşəkarcasına, düzgün və şəffaf şəkildə aparılıb. ECR nümayəndə heyəti seçki prosesi, heyətin hazırlığı, seçicilərin maarifləndirilməsi və ümumi prosedurlar baxımından əldə olunan təkmilləşdirmələri təqdir edir. Missiyamıza çoxsaylı digər beynəlxalq və yerli seçki müşahidə qrupları da qoşulub. Azərbaycanda olduğumuz müddətdə onlarla ünsiyyət qurduğumuz zaman, onların fəaliyyətinə hər hansı manelərin yaradıldığını görmədi".

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

B.Sobkeviç bildirib ki, missiya seçki günü Seçki Məcəlləsinin hər hansı mühüm, yaxud sistematik pozulması halları müşahidə etməyib: "Biz heç bir seçki məntəqəsində səsvermə prosesinə kənar müdaxilələrin və ya səsvermə məntəqələrində və onların yaxınlığında seçicilərə hər hansı təzyiq hallarının olmasını müşahidə etmıdik. Ümumi atmosfer təhlükəsiz idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti