Bakı. Trend:
Rusiya Federasiyasının Tomsk vilayətindəki “Azərbaycan Mədəni-Milli Mərkəzi” Regional İctimai Təşkilatının sədri Ələkbər Rəhimovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiyanın Tomsk vilayətindəki “Azərbaycan Mədəni-Milli Mərkəzi” Regional İctimai Təşkilatının bütün üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar və möhkəm cansağlığı arzu edirik".
XXX
Moldova Respublikasının Baş naziri Pavel Filipdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı anlaşmaya və hörmətə əsaslanan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına və möhkəmləndirilməsinə Sizin verdiyiniz əvəzsiz töhfələri bir daha vurğulamaq istərdim.
Əminəm ki, Siz Azərbaycan xalqının rifahı, habelə sülhün, təhlükəsizliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi naminə milli və beynəlxalq layihələrin gerçəkləşdirilməsi yolunda səylərinizi, təcrübə və biliklərinizi bundan sonra da əsirgəməyəcəksiniz.
İcazə verin, bir daha Sizə möhkəm cansağlığı, uzun ömür, firavanlıq və ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayım".
XXX
Abu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nəhyandan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi və dost xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınıza isə müdrik rəhbərliyiniz ilə davamlı inkişaf və rifah arzulayıram.
Cənab Prezident, səmimi salamlarımı, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
XXX
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazir və Dubayın hökmdarı Məhəmməd bin Raşid Al Məktumdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə və dost xalqınıza ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınıza isə müdrik rəhbərliyiniz ilə davamlı tərəqqi və rifah arzulayıram.
Xahiş edirəm, səmimi salamlarımı, ən yüksək ehtiramımı qəbul edin".
XXX
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyandan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə və dost xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Cənab Prezident, Birləşmiş Ərəb Əmirlikləri xalqının Azərbaycan xalqının sevincinə şərik olduğunu dost xalqınıza çatdırmağı xahiş edirəm.
Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, davamlı uğurlar, dost xalqınıza isə xeyir-bərəkət və əmin-amanlıq arzu edirəm.
Xahiş edirəm, səmimi salamlarımı, ən yüksək ehtiramımı qəbul edin".
XXX
Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri professor Klaus Şvabdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:
"Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Əvvəlki illərdə hədəf seçdiyiniz islahatlar yolu və ixracın şaxələndirilməsi gündəliyinin davam etdirilməsində Sizə səmimi qəlbdən uğurlar arzulayıram.
Sizi 2019-cu il yanvarın 22-25-də İsveçrədə, Davos-Klostersdə keçiriləcək Dünya İqtisadi Forumunun 49-cu illik görüşünə dəvət etməkdən məmnunluq duyuram.
Bu ilin yanvar ayında keçirilən illik görüş bir daha nümayiş etdirdi ki, ilin əvvəllərində qlobal gündəliyi formalaşdıran çoxtərəfli toplantıya həmişəkindən daha böyük ehtiyac var idi.
Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyini gücləndirmək istiqamətində davam edən səylərlə yanaşı, Azərbaycanın Çin və Avropa arasında tranzit qovşağı kimi artan vacib rolunu nəzərə alaraq, Sizin tədbirdə iştirakınız ölkənizin regional və beynəlxalq əməkdaşlığa töhfəsini daha da artıracaq.
Görüşdə iştirak edəcək 3 min hökumət, biznes və vətəndaş cəmiyyəti lideri adından, Sizin tədbirdə fəal iştirakınızı səbirsizliklə gözləyirəm".