Bakı. Ləman Zeynalova – Trend:
Martın 29-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə birbaşa dialoqa qayıtmaq baxımından əla addımdır.
Bunu Trend-ə açıqlamasında Fransa Senatının Xarici işlər komitəsinin sədr müavini, senator Natali Qule deyib.
Onun fikrincə, ATƏT-in Minsk qrupunun öz rolunu oynaması və münaqişənin ədalətli həlli yolunun tapılmasına kömək etməsi də çox mühümdür:
“Bu görüş münaqişənin həlli üçün siyasi iradəni nümayiş etdirdi. Lakin işğalın onilliklər boyunca davam etdiyini nəzərə alsaq, bizə təkcə danışıqlar deyil, konkret fəaliyyət lazımdır. İlkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsinə nail olmaq vacibdir”.
N.Qule ümid etdiyini bildirib ki, liderlər arasında birbaşa danışıqlar müəyyən nəticə verəcək:
"Lakin iki ölkənin vətəndaş cəmiyyətləri arasında dialoqun qurulması da vacibdir. Parlament diplomatiyası üçün də potensial var. Şübhəsiz ki, tərəflər daha çox sülh bağlamağa səy göstərirlər, nəinki müharibəyə başlamağa”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü olub. Təkbətək görüş iki saatdan artıq davam edib, sonra isə danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin və iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə davam etdirilib.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlərin görüşün yekunu üzrə birgə bəyanatında danışıqlar prosesinin əsas məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunur. Həmçinin sülh prosesinin irəli aparılması üçün münasib və münbit şəraitin yaradılmasının, danışıqlar prosesində konkret və nəticə yönümlü addımların atılmasının vacibliyi kimi məqamlar vurğulanır.