Bakı. Trend:
Hazırda partiyamız mühüm bir siyasi hadisələr ərəfəsindədir. 9 fevral parlament seçkilərinə sayılı günlər qalır. Hər bir seçki prosesinə böyük ruh yüksəkliyi ilə qatılan Yeni Azərbaycan Partiyası “Daha güclü Azərbaycan naminə!” şüarı ilə gedir. Seçdiyi şüardan da partiyanın məqsəd və məramı aydın görsənir. Əvvəlki seçkilərdə “Davamlı inkişaf, yüksək rifah”, “Yeni hədəflərə doğru” “Xalq üçün” şüarları da partiyanın fəaliyyətinin əsasında dövlətə, xalqa xidmətin dayandığını təsdiqləyib.
Trend-in məllumatına görə, bu sözlər Yeni Azərbaycan Partiyası tərəfindən Gəncənin 37, 38, 39 və 40 saylı seçki dairələri üzrə namizədlikləri irəli sürülmüş Naqif Həmzəyevin, Pərvin Kərimzadənin, Musa Quliyevin və Müşfiq Cəfərovun seçicilərlə görüşündə səsləndirilib.
Görüşü giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Gəncə şöbəsinin sədri, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev 28 illik zəngin və şərəfli inkişaf yol keçən Yeni Azərbaycan Partiyasının bu gün nəinki Azərbaycanda, eyni zamanda, regionun ən güclü və nüfuzlu qüvvəsinə çevrildiyini bildirib və seçiciləri 9 fevral tarixində keçiriləcək parlament seçkilərində fəallıq göstərməyə çağırıb.
YAP-ın 40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizədi Musa Quliyev ümumxalq partiyasına çevrilən hakim partiyanın möhtəşəm nailiyyətlər əldə etməsindən, monolit və avanqard siyasi qüvvə kimi Azərbaycanın dinamik inkişafına dəyərli töhfələrini verməsindən, milli maraqlara xidmət edən çoxşaxəli və səmərəli fəaliyyətindən və qarşıda duran vəzifələrdən danışıb.
Növbədənkənar parlament seçkilərinin ölkəmizin həyatında yeni mərhələnin başlanğıcı olacağını qeyd edən 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Pərvin Kərimzadə vurğulayıb ki, ölkəmizin uğurlu inkişafı, tərəqqisi bir daha onu göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir.
39 saylı Kəpəz birinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizəd Müşfiq Cəfərov xalqa, Vətənə, dövlətçiliyə xidmət edən partiyanın ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafana mühüm töhfələr verdiyini diqqətə çatdırıb.
Akif Süleymanov, Sahib Əmiraslanov və digər çıxış edənlər seçkilərə böyük qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyasının xalqın dəstəyinə, seçicilərin etimadına güvəndiyini qeyd ediblər. Partiyanın bugünkü uğurları bir neçə gündən sonra növbədənkənar parlament seçkilərində də qələbə qazanacağını əminliklə söyləyən natiqlər fevralın 9-da seçki məntəqələrinə gedərək daha güclü Azərbaycan naminə ən layiqli namizədlərə səs verəcəklərinin bildiriblər.
Görüşün sonunda YAP-ın namizədləri seçicilərin təkliflərini dinləyib, onları maraqlandıran suallara ətraflı cavab veriblər