...

Prezident İlham Əliyev: Koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq tibbi maska idxalından asılı olmayacaq

Siyasət Materials 6 Aprel 2020 16:25 (UTC +04:00)
Prezident İlham Əliyev: Koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq tibbi maska idxalından asılı olmayacaq

Bakı. Trend:

Koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq tibbi maska idxalından asılı olmayacaq.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi ilə tanışlıqdan sonra Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısı bildirib:

"Bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır. Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi. Burada sahibkarların böyük rolu vardır, eyni zamanda, Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərmişdir. Beləliklə, qısa müddət ərzində yeni müasir istehsalat sahəsi yaradılmışdır və bu, bizə imkan verəcək ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edək.

Bildiyiniz kimi, koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq.

Eyni zamanda, bu gün Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Bu da qısa müddət ərzində ərsəyə gəlmiş bir məsələdir. Amma burada üstünlüyümüz ondan ibarət idi ki, ölkəmizdə bir neçə spirt zavodu var və bu spirt zavodlarında dezinfeksiya vasitələri istehsal edilməyə başlanmışdır və artıq satışa verilir. Beləliklə, mübarizəni daha da səmərəli şəkildə aparmaq üçün dəfələrlə qeyd olunub ki, vətəndaşlar daha da məsuliyyətli olmalıdırlar və şəxsi gigiyenasına fikir verməlidirlər. Ancaq bunu təmin etmək üçün vasitələr olmalıdır və bu gün bu vasitələr artıq bazara təqdim edilir – tibbi maskalar və dezinfeksiya vasitələri.

İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti