Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycan daim beynəlxalq əməkdaşlığın və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə verməklə dünyada etibarlı tərəfdaş kimi böyük nüfuz qazanıb. Azərbaycan Prezidentinin Davos Forumunda və Münxen Konfransında iştirakı müsbət nəticələrə gətirib çıxarıb.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
A.Həsənova bildirib ki, Azərbaycan dünyanın çoxlu sayda ölkələri, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlar ilə səmərəli əməkdaşlıq qurub:
“Bu gün Azərbaycan dünyanın ən nüfuzlu platformalarında təmsil olunur. Davos Ümumdünya İqtisadi Forumu da ən nüfuzlu beynəlxalq platformalardan biridir. Ölkəmiz artıq 13 ildir ki, Davos Forumunda dövlət başçısı səviyyəsində təmsil olunur. Bu forumda iştirak ölkəmizə böyük iqtisadi və siyasi dividendlər gətirir. Davos Forumunda çoxlu sayda hökumət və dövlət başçıları, dünyanın nəhəng şirkətlərinin rəhbərləri iştirak edir. Forum çərçivəsində beynəlxalq biznes ictimaiyyəti, digər ölkələrin dövlət və hökumət başçıları, rəsmi şəxsləri və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirilir".
Deputatın sözlərinə görə, Davos platforması Azərbaycan reallıqlarının ətraflı və əsaslı şəkildə təqdim edilmə imkanı yaradır:
"Prezident İlham Əliyevin iştirak etdiyi son Davos Forumu da ölkəmiz üçün böyük müsbət nəticələrlə yadda qaldı. Həmçinin nəhəng şirkətlərin rəhbərləri ilə Cənab Prezident arasında baş tutan görüşlərdə şirkət rəhbərləri Azərbaycanla əməkdaşlıq etməkdə və ölkəmizə investisiya yatırmaqda maraqlı olduqlarını ifadə etdilər. Əlbəttə, bu, beynəlxalq aləmdə ölkəmizə olan böyük inam və etibarın daha bir göstəricisidir. Bunun nəticəsidir ki, bu gün böyük şirkətlər tərəfindən Azərbaycana sərmayə qoyulur”.
Deputat, həmçinin bu ilin fevral ayında Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında uğurlu iştirakına toxunub. O qeyd edib ki, beynəlxalq gündəlikdə duran qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu vacib platformaya çevrilən Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın qələbəsi, işğalçı Ermənistanın ifşası ilə yadda qaldı:
“Cənab Prezidentimiz tərəfindən erməni yalanları Münxen Təhlükəsizlik Konfransı kimi mühüm toplantıda beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı və dünya bir daha Azərbaycanın haqlı mövqedə olduğunun şahidi oldu”.