...

Hikmət Babaoğlu: Yeni siyasi partiyaların qeydiyyatı siyasi sistemimizdə yeniləşmənin ikinci fazasını təşkil edir

Siyasət Materials 17 Aprel 2020 10:14 (UTC +04:00)
Hikmət Babaoğlu: Yeni siyasi partiyaların qeydiyyatı siyasi sistemimizdə yeniləşmənin ikinci fazasını təşkil edir

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Ölkəmizdə həyata keçirilən islahatlar təkcə sosial-iqtisadi sferaları deyil, cəmiyyətimizin bütün sahələrini əhatə edəcək, genişmiqyaslı siyasi sistemimizdə yeni keyfiyyət dəyişikliyi yaradacaq qədər dərindir. Yeni siyasi partiyaların qeydiyyatı siyasi sistemimizdə yeniləşmənin ikinci fazasını təşkil edir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, əslində böyük reformlar bir qədər də onu təmin etməli olan siyasi dinamizmlə bağlı olur:

"Çünki iqtisadi canlanma yaxud islahatlar siyasi dinamizmlə tamamlanmasa, siyasi-iqtisadi sistemdə arzuolunan inkişaf tendensiyası yaratmaq çətin olur. Ona görə də Ədliyyə Nazirliyi tərəfindən yeni siyasi partiyaların qeydiyyata alınması islahatlar siyasətinin məntiqi nəticəsi kimi başa düşülməlidir. Hər yeni siyasi partiya özlüyündə cəmiyyətə yeni siyasi dəyərlər təqdim edən və bu dəyərlər ətrafında insanları təşkilatlandıran bir institutdur".

Millət vəkili vurğulayıb ki, əgər məqsəd siyasi sistemi zənginləşdirmək, onu daha da rəngarəng etmək, siyasi palitraya yeni effektiv rəng qatmaqdırsa, əlbəttə, bunu yalnız alqışlamaq lazımdır:

"Ona görə də Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə Azad Demokratlar Partiyasının və "Yeni Zaman" Partiyasının qeydiyyata alınması olduqca müsbət haldır. Onu da qeyd etmək yerinə düşər ki, siyasi sistemimizdə yeni konfiqurasiyanın qurulması xeyli vaxtdır başlayıb və yeni formalaşan parlament təcrübəsində bu artıq öz əksini tapıb".

Deputat əlavə edib ki, Milli Məclisin sədr müavini parlamentə ikinci səs çoxluğuna sahib olan partiyanın nümayəndəsi seçilib:

"Komitə sədri və müavinləri səviyyəsində müxalifətin təmsilçiliyi xeyli dərəcədə artıb. Yeni siyasi partiyaların qeydiyyatı isə faktiki olaraq siyasi sistemimizdə yeniləşmənin ikinci fazasını təşkil edir. Ancaq şübhəsiz ki, bu prosesin uzunmüddətli və davamlı olacağını da proqnozlaşdırmaq mümkündür. Çünki ölkəmizdə həyata keçirilən islahatların məntiqi bunu diqtə edir".

Qeyd edək ki, bu günlərdə Ədliyyə Nazirliyində Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyat ilə bağlı müraciətlərinə əsasən təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu məsələsi öyrənilmiş və onların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib.

Bununla bağlı, aprel ayının 16-da Ədliyyə Nazirliyinin rəhbərliyi ilə qeydiyyata alınmış partiyaların sədrləri Sülhəddin Əkbər və Musa Ağayev arasında görüş keçirilmiş və onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edilib. Partiya rəhbərləri ölkə başçısının iradəsi ilə çoxpartiyalı sistemin inkişafı sahəsində başlanmış prosesi dəstəklədiklərini vurğulayaraq, görülən işlərlə bağlı razılıqlarını ifadə etmiş və bu istiqamətdə atılan addımların dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti