...

Deputat: 30 il gözlədik bəsdir, indi isə torpaqlarımızı işğaldan azad edirik

Siyasət Materials 5 Oktyabr 2020 16:04 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Hamı anlamalıdır ki, düşmənlərimizdən fərqli olaraq biz özümüzü aciz göstərmirik, ayağa düşmür, kömək ummur, ikiüzlülük etmirik. Çünki biz ruhən güclüyük. Biz güclüyük, çünki haqlıyıq, biz güclüyük, çünki öz torpaqlarımızı qoruyuruq, biz güclüyük, çünki beynəlxalq hüquq tərəfimizdədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, Dağlıq Qarabağ probleminin həlli məsələsində Azərbaycan Respublikasının Ali Baş Komandanının verdiyi qərarın nə qədər doğru və zamanında olduğunu biz bir daha bu mesajlardan aydın dərk etdik:

“ATƏT-in Minsk qrupunun həmsədrlərinə və eləcə də bütün dünyaya edilən bu mesaj Azərbaycanın atdığı addımın hüquqi baxımdan haqlı olduğunu, Ermənistanın təcavüzkarlığına və vəhşiliklərinə qarşı öz ərazisində mübarizə apardığını, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun bir addım olduğunu göstərir. Lakin erməni mətbuatı və eləcə də onların havadarları durmadan dünyaya car çəkirlər ki, güya Azərbaycan tərəfdən Suriya və digər ölkələrdən gəlmiş muzdlu terrorçu qruplar vuruşurlar. Onlar, həmçinin bar-bar bağırırlar ki, guya bizim apardığımız Vətən müharibəsində Türkiyə və başqa ölkələr cəlb olunub. Bu ağ yalandır! Belə yalanlarla və böhtanlarla bizi yenidən atəşkəsə məcbur edə bilməzlər! Bu məsələ ilə əlaqədar makronlara və onun kimi düşünənlərə bildirmək istəyirəm ki, əldə heç bir dəlil olmadan əsassız, uydurma fikirləri dilə gətirməsinlər.

Üç gün öncə Əl-Cəzirə telekanalında Ermənistanın hazırki prezidenti Armen Sarkisyan müxbirin "sizin orduda başqa ölkələrdən gəlib vuruşanlar varmı?" sualına belə cavab verib: “Bəli, onlar etnik ermənilərdir və müxtəlif ölkələrin vətəndaşları olmalarına baxmayaraq, Dağlıq Qarabağda vuruşmalarında pis bir şey yoxdur. Biz müxtəlif ölkələrdən olan ermənilərin hərbi əməliyyatlarda iştirakını qəbul edirik!”.

Baxın, görün Ermənistan prezidenti nə cavab verir! Həyasızlığın həddi-hüdudu yoxdur. Hətta dövlətin başçısı etiraf edir ki, onun ordusunda başqa ölkələrdən gəlmiş silahlılar vuruşurlar. Bu cavabdan çox asanlıqla başa düşmək olar ki, erməni tərəfdən terrorçu qruplaşmaları vuruşur və Azərbaycanın da öz ərazisini belə terrorçulardan təmizləmək haqqı var. Beynəlxalq hüquq müdafiəçiləri, xarici dövlətlər, təşkilatlar məgər Ermənistan prezidentinin bu sərsəm bəyənatlarını eşitmirlərmi? Məgər bunlar açıq-aşkar suveren bir dövlətin hüquqlarına göz yummaq, Azərbaycan Respublikasının müstəqilliyinə kobud müdaxilənin edilməsi faktı deyilmi? Avropa, sən nə vaxta qədər ikili standartla siyasət yeridəcəksən? Sən nə vaxta qədər işğalçının şıltaq və mən deyərdim ki, amansız və qəddar əməllərinə göz yumacaqsan? Yetər artıq!

Biz 30 il gözlədik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı. İşğalı və azğınlığını davam etdirdi. Daim təxribatlar törətdi. Mülki əhalini hədəfə aldı, yaşayış məntəqələrimizi bombaladı. İndi həyasızcasına yeni ərazilərimizi işğal etmək iddiasındadır. Lakin biz buna yol verməyəcəyik. Artıq bizim səbr kasamız daşıb. İşğalçını və təcavüzkarı yerində otuzduracaq və torpaqlarımızı silah yoluyla alacağıq. Başqa yol yoxdur! Qələbə bizimdir. Qarabağ Azərbaycandır!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti