...

İnternetdə paylaşılan qeyri-rəsmi hərbi məlumatlar hərbçilərimizin həyatı üçün ciddi risklər yaradır - RƏY

Siyasət Materials 23 Oktyabr 2020 16:01 (UTC +04:00)
İnternetdə paylaşılan qeyri-rəsmi hərbi məlumatlar hərbçilərimizin həyatı üçün ciddi risklər yaradır - RƏY

Bakı. Ceyhun Ələkbərov - Trend:

Son günlərdə sosial şəbəkələrdə və digər internet rusurslarında hərbçilərimizin və işğaldan azad olunan ərazilərin qeyri-rəsmi videogörüntüləri yer almaqdadır. Bu cür videolar düşmənə döyüşçülərimizin koordinatlarını əldə etməyə kömək etməklə məhz hərbçilərimizin həyatı üçün ciddi risklər yaradır, ümumi işə böyük ziyan vurur. Təcrübə sübut edir ki, sosial şəbəkələrdə və digər internet resurslarında hərbçilərin döyüş bölgəsindən telefonlarla çəkilmiş videolarının yayılması yolverilməzdir.

Trend-in məlumatına görə, bunu ehtiyada olan polkovnik Şair Ramaldanov deyib. Onun sözlərinə görə, bu videoları yayan vətəndaşlar, əslində, düşmən ordusuna kömək etmiş olurlar: "Ümumiyyətlə, cəbhə zonasından aralı olan yerlərdə hərbi hissələrin ərazilərində smartfon telefonların istifadəsi qəti qadağandır. Bununla əlaqədar çox ciddi tələblər var idi. Çünki smartfon tipli telefonlar hər cür texniki vasitələrlə izlənə bilir və bu telefondan bütün məlumatları götürmək mümkündür".

Hərbi ekspert Rəhman İsgəndərov da Trend-ə bildirib ki, qeyri-rəsmi hərbi məlumatların internet resurslarında paylaşılması yolverilməzdir: "Düşmən 30 ildir ki, bizim torpaqlarımızda möhkəmlənib. Unutmamalıyıq ki, xırda bir söz, yaxud paylaşılan görüntü ordumuzun irəliləməsinə əngəl yarada bilər.

Ekspert əlavə edib ki, düşmən tərəfinin sosial şəbəkələrin Azərbaycan seqmentini də diqqətlə izlədiyi, analiz etdiyi, məlumatlar topladığı heç kimə sirr deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti