...

"Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var" tezisi müharibədə tam təsdiqləndi - Ekspert

Siyasət Materials 14 Noyabr 2020 17:09 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

44 günlük qalibiyyətli hərbi əməliyyarlarımızdan günlər ötdükcə onun hərbi və siyasi tariximizdə nə qədər möhtəşəm hadisə olduğunu təsdiqləyən yeni sübutlar meydana çıxır.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, təcavüzkar Ermənistanın hərbi və siyasi ekspertlərinin, hərbçi və məmurlarının etirafları Azərbaycanın öz ərazi bütövlüyünü istənilən bir qüvvə ilə qarşıdurmada müdafiə etmək gücündə olduğunu bir daha sübut edir: "Dünyaya göstərdik ki, Azərbaycanın yenilməz güc mənbələri İlham Əliyevin şəxsində xalqın tam etimadına söykənən lider, təminatlı və möhkəm fiziki hazırlıqlı ordu, düzgün diplomatiya və cəmiyyətin Ali Baş Komandan ətrafında şərtsiz və ardıcıl toparlanmasındadır. İlham Əliyevin tez-tez təkrar etdiyi "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var" tezisi Böyük Qarabağ müharibəsində tam təsdiqləndi. Gücünü Ali Baş Komandanın və Prezidentin doğru siyasətindən, cəmiyyətin dəstəyindən, möhkəm iqtisadi bazadan və haqq-ədalətdən götürən Azərbaycan ordusu ərazi bütövlüyümüzü qətiyyətlə bərpa edən qüvvə olaraq qürur mənbəyinə çevrildi".

Ekspert bildirib ki, Prezident İlham Əliyev 17 ildə müvafiq iqtisadi və hərbi fəaliyyət konsepsiyaları əsasında MDB-də həqiqətən Rusiyanın ordusundan sonra ikinci ən qüdrətli və döyüşqabiliyyətli ordu yaratdığını ortaya qoydu: "Cəmi 44 gün ərzində ərazi bütövlüyümüzün bərpası "yenilməz erməni ordusu" barədə deyilənlərin sadəcə mif olduğuna şübhə yeri qoymadı. Azərbaycanın Prezidenti istənilən əlverişsiz müharibə vəziyyətini dəqiq rəhbərlik və hazırlıqlı ordu sayəsində qələbəyə çevirməyin mümkünlük nümunəsini yaratdı. Azərbaycan ordusunun təcavüzkar üzərində qələbəsi ən müasir müharibələrin aparılması üsullarında bir sıra yenilikləri də ortaya çıxardı.
İllərdən bəri özünü Azərbaycan torpaqlarından çıxmamaq üzərində kökləyən Ermənistanın işğalıçı əsgərləri, muzdlu quldurları və mürəkkəb mühəndis qurğuları ordumuzun həmlələrinə duruş gətirə bilmədi. Azərbaycanın müharibədən dəfələrlə güclənərək çıxması, Ermənistanın isə bir dövlət kimi hərtərəfli dağılmaya üz tutması qalibiyyətli müharibə üçün xalqa söykənən yetkin liderin və güclü ordunun nə qədər həlledici şərtlər olduğunu qəti sübuta yetirdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti