...

Siyasi partiyaların maliyyələşməsi ilə bağlı qaydalar dəyişir

Siyasət Materials 23 Dekabr 2020 16:55 (UTC +04:00)
Siyasi partiyaların maliyyələşməsi ilə bağlı qaydalar dəyişir

Bakı. Elçin Mehdiyev – Trend:

Siyasi partiyaların maliyyələşməsi ilə bağlı qaydalara dəyişiklik edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə keçirilən iclasında müzakirə edilən “Siyasi partiyalar haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sənədə təklif edilən dəyişikliklərin mahiyyəti barədə danışıb.

O qeyd edib ki, qanunun “Siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılması” adlanan 17-1-ci maddəsinə dəyişikliklər təklif olunur.

Ə.Hüseynli vurğulayıb ki, siyasi partiyaların maliyyələşməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Onun sözlərinə görə, qanunun hazırda qüvvədə olan mətnində “dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizinin siyasi partiyalar tərəfindən irəli sürülən, etibarlı səslərin azı 3 faizini qazanan, lakin Milli Məclisdə təmsil olunmayan həmin partiyalar arasında proporsional olaraq bölündüyü” qeyd olunub.

Bu sahədə mövcud olan boşluqların aradan qaldırılması üçün təklif olunan yeni dəyişiklikdə həmin məbləğ 10 faizdən 5 faizə endirilir. Məbləğin digər 5 faizi isə təkrar və əlavə seçkilərdə qələbə qazanan deputatların partiya mənsubiyyətinin yaranması ilə əlaqədar parlamentdə təmsil olunan yeni siyasi partiyalara ayrılır.

Təklif olunan dəyişikliklərdə qanunun tətbiqi zamanı yarana biləcək vəsait çatışmazlığının aradan qaldırılması mexanizmləri, siyasi partiyaları təmsil edən deputatların saylarının artması və azalması, Milli Məclisdə yeni siyasi partiyaların təmsil olunması hallarında vəsaitin hesablanma tarixi əksini tapıb.

Dəyişikliklərdə siyasi partiyaların dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdiyi zaman həmin vəsaitin dövlət büdcəsinə qaytarılması yox, Milli Məclisdə təmsil olunan partiyalar arasında dördüncü rübün sonunda bərabər olaraq bölünməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti