...

Türkiyə əsgəri Qarabağda: Prezident İlham Əliyevin strategiyası nəticəsində regionda uzunmüddətli sülh yaranır

Siyasət Materials 30 Yanvar 2021 21:01 (UTC +04:00)
Türkiyə əsgəri Qarabağda: Prezident İlham Əliyevin strategiyası nəticəsində regionda uzunmüddətli sülh yaranır

Bakı. Alpər Ziya - Trend:

Yanvarın 30-da Ermənistanın işğalından azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı oldu.

Açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə milli müdafiə nazirinin müavini Yunus Əmrə Karaosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak etdilər.

Müdafiə naziri Zakir Həsənov qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatıb. Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatla atəşkəs rejiminə nail olunub və 30 ilə yaxın davam edən münaqişəyə son qoyulub.

“2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri arasında imzalanan atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması barədə memorandum xüsusi əhəmiyyət kəsb edir. Mərkəzin fəaliyyəti regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək. Əminik ki, Mərkəzdə türk və rus həmkarlarımız arasında dost və işçi münasibətlər yaranacaq”, - deyə Azərbaycanın müdafiə naziri vurğulayıb.

Beləliklə, öcədən də məlum olduğu kimi, Mərkəzin əsas məqsədi Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

Artıq Prezident İlham Əliyevin irəli sürdüyü "3+3" formatının regionda yeni imkanlar yaratdığı göz nündədir. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qələbəsi sadəcə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə yekunlaşmadı, eyni zamanda cənab Prezidentin rəhbərliyi ilə yürüdülən düşünülmüş xarici siyasət regionda formalaşdırılan yeni geosiyasi konfiqurasiyasının yaranmasına gətirib çıxardı.

Beləliklə, regionda konvensional olaraq Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi mövcuddur. Eyni zamanda, Azərbaycan-Rusiya-İran işbirliyi, Türkiyə-Rusiya-İran işbirliyi var. Yəni, bütün bu işbirliyi platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa, öz əsassız iddialarından əl çəkib, gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Azərbaycan və Türkiyə buna açıqdır.

Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətə başlaması, həminin Prezident İlham Əliyevin prinsipial siyasətinin məntiqi nəticəsidir. Çünki Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, düşünülmüş strategiyası, diplomatiya cəbhəsində apardığı mübarizə nəticəsində istər ön, istərsə də arxa cəbhədə böyük uğurlar qazandıq, düşmən üzərində şanlı Qələbəmizi təmin etdik. Tarixi həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı. 44 günlük Vətən müharibəsinin gedişində bir daha sübut edildi ki, Azərbaycanın razılığı olmadan Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. İnzibati ərazisi xeyli böyük olan Kəlbəcər, həmçinin Ağdam və Laçın rayonları şəhid verilmədən, qan tökülmədən geri qaytarıldı. Bu rayonların geri qaytarılması isə Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir.

Bu gün respublikamız hərb meydanında olduğu kimi, diplomatik arenada da üstün mövqedədir və bu mövqeyini qoruyur. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da xalqa müraciətində bildirmişdi ki, qardaş Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Belə də oldu. Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanatın 5-ci bəndinə əsasən yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı. İşğaldan azad olunmuş Ağdamda inşa edilən mərkəz Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin reallaşmasının, Azərbaycan-Türkiyə qardaşlığının və strateji tərəfdaşlığının daha bir əyani təzahürüdür.

Bundan başqa, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə regionda yeni geosiyasi reallıqlar da yaradıb. Türkiyə hərbçilərinin azad olunmuş ərazilərdə xidmətə başlaması bu reallıq nəticəsində mümkün olub və ölkəmizin maraqlarına tamamilə uyğundur. Hazırda ən yüksək səviyyəyə çatmış Azərbaycan-Türkiyə tərəfdaşlığı Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və davamlı inkişaf üçün böyük önəm kəsb edir. Eyni zamanda, prosesdə Rusiya və Türkiyənin birgə iştirakı da olduqca pozitiv amildir və regionda daha geniş əməkdaşlıq planlarının gerçəkləşdirilməsi üçün yeni imkanlar açır.

Beləliklə, tam əminliklə demək olar ki, Prezident İlham Əliyevin strategiyası nəticəsində regionda uzunmüddətli sülh yaranır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti