Bakı. Elçin Mehdiyev - Trend:
İşğaldan azad edilmiş ərazilərə qayıdacaq insanlar arasında bələdiyyələrin formalaşdırılması ilə bağlı maarifləndirmə işləri aparılmalıdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Kamran Bayramov parlamentin bu gün keçirilən iclasında bələdiyyələrin illik fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, həmin insanlar öz doğma yurdlarına qayıtdıqdan sonra bələdiyyələr formalaşdırmalıdır:
"İşğaldan azad edilən torpaqlara qayıdacaq soydaşlarımız bələdiyyələr formalaşdırmalıdır, onlar arasında bu istiqamətdə maarifləndirmə işləri aparılmalı, onların bələdiyyələrə seçmək və seçilmək hüquqları izah edilməlidir. Hesab edirəm ki, həmin insanlar arasında maarifləndirmə işləri işğaldan azad edilmiş ərazilərədə bələdiyyələrin formalaşdırılması işini xeyli asanlaşdıracaq".