...

Ermənilər sərhədlərlə bağlı vəziyyəti bilərəkdən gərginləşdirirlər - Deputat

Siyasət Materials 26 May 2021 09:37 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənilər bütün məsələlərdə olduğu kimi sərhədlərin delimitasiyası və demarkasiyası zamanı da təxribatlara əl atır və vəziyyəti bilərəkdən gərginləşdirirlər.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Ermənistanın işğalçı siyasəti və Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi səbəbindən 30 il ərzində iki ölkə arasında sərhədlərin delimitasiyası mümkün olmayıb:

“44 günlük Vətən müharibəsi nəticəsində şanlı ordumuz 30 illik həsrətə son qoyaraq torpaqlarımızı düşmən tapdağından azad etdi. İşğal faktının aradan qaldırılması sərhədlərin delimitasiyası istiqamətində tədbirlərə başlanmasını zəruri edir. Torpaqlarımızı işğal altında saxladıqları müddətdə Ermənistan tərəfi qanunsuz olaraq sərhədlərini Azərbaycan torpaqları hesabına irəli çəkib.

Ermənilərin bu əməli dövlət sərhəddinin pozulmasıdır və Azərbaycan heç zaman öz torpağını güzəştə gedə bilməz. Ermənistan işğal dövründə sərhəd anlayışını qoşunların təmas xətti üzrə təsəvvür edib və hazırkı dövrdə yaranmış yeni reallıqdan çıxış etmək üçün hazır olmaya bilər. Lakin hazırkı reallığın əsasında beynəlxalq hüquq amili dayanır və bütün məsələlər bu çərçivədə həllini tapmalıdır. Azərbaycanla Ermənistan sərhədləri ilə bağlı konkret sənədlər və xəritələr var. Məlumdur ki, sərhədlər SSRİ dövründə respublikaların sərhədlərini müəyyən edən xəritə əsasında həyata keçirilməlidir. Azərbaycan əraziləri beynəlxalq sənədlərdə, o cümlədən BMT qətnamələrində həmin sərhədlər çərçivəsində təsbit olunub. İndi Ermənistan tərəfinin bu sənədlərin əleyhinə çıxması, çığallıq etməsi, məsələni beynəlxalq müstəviyə çıxarmağa cəhd etməsi yersizdir və Ermənistan tərəfinə heç bir fayda gətirmir.

Məlumdur ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı dünya təcrübəsi də mövcuddur. Dünya təcrübəsi göstərir ki, müharibələr bitdikdən sonra sülh müqaviləsi bağlanılır və münaqişə tərəfləri arasında sərhədlərin dəqiqləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilər. Delimitasiya sülh müqaviləsinin və ya dövlət sərhədinin müəyyən edilməsi və ya dəyişdirilməsi ilə bağlı xüsusi razılaşmanın tərkib hissəsidir. Ermənistanla Azərbaycan arasında münaqişə nümunəsində delimitasiya sülh müqaviləsinin tərkib hissəsi kimi həyata keçirilə bilər.

Ermənistanın beynəlxalq prinsiplərin də ziddinə getməsi regionda sülhün bərqərar olmasına əngəllər yaradır. Bu gün Ermənistanın daxilində kifayət qədər ciddi problemlər var, ölkədə böhran və xaos, siyasi gərginliklər dərinləşməkdədir. Bu gün Ermənistanın bu gərgin vəziyyətdən çıxmasının yeganə yolu Azərbaycanla əməkdaşlıqdan keçir. Bu gün regionda yeni əməkdaşlıq, inkişaf mühiti yaranıb. Ermənistan isə bu əməkdaşıq mühitindən faydalanmaq əvəzinə yeni təxribatlara əl atır, süni gərginlik, hay-küy yaradır. Bu əməllər Ermənistana heç bir fayda verməyəcək, Azərbaycan mütləq şəkildə qanuni sərhədlərini bərpa edəcək və Ermənistanın hər hansı cəhdləri bizim qarşımızı ala bilməz”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti