...

2020-ci ilin iyul döyüşləri Azərbaycanın Vətən müharibəsində qələbəsinin əsasını qoydu - İqor Korotçenko

Siyasət Materials 12 İyul 2021 19:29 (UTC +04:00)
2020-ci ilin iyul döyüşləri Azərbaycanın Vətən müharibəsində qələbəsinin əsasını qoydu - İqor Korotçenko

Bakı. Cani Babayeva - Trend:

2020-ci ilin iyul döyüşləri Vətən müharibəsində, "Dəmir yumruq" əməliyyatında qələbənin əsasını qoydu.

Bunu Trend-ə rusiyalı hərbi ekspert, "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

O bildirib ki, bir il əvvəl Ermənistan sabiq müdafiə nazirinin adı ilə adlandırılmış "Tonoyan doktrinası"nın reallaşdırılması çərçivəsində Azərbaycana qarşı irimiqyaslı hərbi təxribat həyata keçirdi: "Bu doktrinada döyüş əməliyyatları zamanı prinsip etibarilə yeni təlimatlar yer alıb. Buna müvafiq olaraq Ermənistan yeni müharibə təqdirində Azərbaycanın yeni ərazilərini ələ keçirməsini, strateji infrastruktur obyektlərinə, o cümlədən neft-qaz kəmərlərinə preventiz zərbə endirmək hüququnu elan etmişdi".

Ekspert bildirib ki, Ermənistan hərbi təxribatı Avropaya enerji ehtiyatlarının ixrac olunduğu neft və qaz kəmərlərinin keçdiyi ərazinin yaxınlığında həyata keçirmişdi: "Təxribatın məqsədi Azərbaycana hərbi-siyasi təzyiq göstərmək, öz gücünü və preventiv addımlara hazırlığını nümayiş etdirmək idi. Yerevanda hesab edirdilər ki, onlar Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi ilə bağlı hər hansı bir addımının qarşısını alacaqlar. Amma planlaşdırılan təxribat baş tutmadı. Azərbaycan Ordusu düşməni layiqincə qarşıladı, sərhədin toxunulmazlığını təmin etdi və təcavüzkarı məğlub etdi. Bu baxımdan, Azərbaycan Ordusunun mənəvi gücü və hərbi-texniki üstünlüyü bütün dünyaya nümayiş etdirildi".

O vurğulayıb ki, məhz bu təməldə İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsinin əsası qoyuldu: "2020-ci il iyul döyüşlərində hər hansı bir taktiki üstünlük əldə edə bilməməsi Ermənistan üçün gözlənilməz oldu. Azərbaycanı qorxutmaq, hansı yolla olur-olsun öz silahlı qüvvələrinə inamını sarsıtmaq mümkün olmadı".

Ekspertin sözlərinə görə, Azərbaycanda hərbi quruculuğun gedişatı, düzgün seçilmiş istiqamət, hədəf və tapşırıqlar Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasi, hərbi və iqtisadi islahatların uğurunu nümayiş etdirdi: "Yekunda İkinci Qarabağ müharibəsi göstərdi ki, Azərbaycan dövləti düzgün istiqamətdə inkişaf edir. Dövlətin iqtisadiyyatının, siyasi modelinin, hərbi dəyişikliklərin uğuru qələbəyə aparan yolu təmin etdi".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti