...

Ceyhun Bayramov avstriyalı həmkarı ilə alternativ enerji, nəqliyyat və tranzit sahələrində əməkdaşlığı müzakirə edib

Siyasət Materials 3 Dekabr 2021 00:17 (UTC +04:00)
Ceyhun Bayramov avstriyalı həmkarı ilə alternativ enerji, nəqliyyat və tranzit sahələrində əməkdaşlığı müzakirə edib

Bakı. Trend:

2 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Avstriya Respublikasının xarici işlər naziri Mixael Linhart ilə görüşdü.

Nazir Ceyhun Bayramov iki ölkə arasındakı təmasların intensivliyini məmnunluqla qeyd etdi. Regional səfəri çərçivəsində Avstriya xarici işlər nazirinin bu ilin iyun ayında Azərbaycana səfəri və bu xüsusda aparılan müzakirələr xatırlandı.

İkitərəfli əlaqələrin inkişafında qarşılıqlı maraq ifadə edildi. Tərəflər, alternativ enerji, nəqliyyat və tranzit, ağır sənaye sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardılar.

Avstriya xarici işlər naziri pandemiya sonrası Azərbaycanla iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində maraq ifadə etdi. Bu ilin noyabr ayında Avstriya iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri və bunun ikitərəfli iqtisadi əlaqələrin inkişafına təkan verəcəyi qeyd edildi.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdilər.

Nazir Ceyhun Bayramov həmkarına regiondakı cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər və bu istiqamətdə Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verdi.

Qarşı tərəf Azərbaycan və Ermənistan arasında etimad quruculuğu tədbirlərinin vacibliyi qeyd edərək, Avstriyanın bu sahədə tərəflərə yardım edə biləcəyini ifadə etdi.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti