...

Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb (FOTO)

Siyasət 16 Yanvar 2022 08:26 (UTC +04:00)

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

Trend xəbər verir ki, nümayəndə heyətini səmimi salamlayan kardinal Pietro Parolin Azərbaycan ilə Vatikan arasında ikitərəfli əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda mədəniyyətlərarası dialoqun, multikulturalizmin, həmçinin bütün dinlərə münasibətin yüksək səviyyədə olduğunu, müsəlmanlar, xristianlar və yəhudilər arasında harmoniyanın möhkəmləndiyini vurğulayıb. Pietro Parolin ölkəmizin beynəlxalq münasibətlərdə çoxtərəfliliyə böyük əhəmiyyət verməsini təqdir etdiyini bildirib. O, Azərbaycanın dinlər və mədəniyyətlər arası dialoqla bağlı fəaliyyətini yüksək qiymətləndirib və bu xüsusda, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda həyata keçirilən layihələri misal gətirib.

Vatikanın dövlət katibi Prezident İlham Əliyevin onu Azərbaycana dəvət etdiyini və bunu böyük məmnuniyyətlə qəbul etdiyini deyib. Kardinal Azərbaycana mütləq səfər edəcəyinə ümidvar olduğunu bildirib. Deyib ki, bu dəvət Müqəddəs Tax-Tac ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində baş tutacaq. O, Papa II İohan Pavelin və Papa Fransiskin Azərbaycana səfərlərini xatırladıb. Bildirib ki, Papa II İohan Pavel Vatikan ilə Azərbaycanın diplomatik əlaqələrinin qurulmasının 10 illiyində ümummilli lider Heydər Əliyevin dəvəti ilə, Papa Fransisk isə Prezident İlham Əliyevin dəvəti ilə 2016-cı ildə ölkəmizə səfər edib.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan ilə Vatikan arasında xüsusi münasibətlərin olduğunu bildirib. Qeyd edib ki, bu əlaqələrin bugünkü yüksək səviyyəsinin təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

QMİ sədri Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəfliliyə böyük əhəmiyyət verdiyini, ölkəmizdə multikulturalizmin zəngin ənənələrinin olduğunu, bu sahənin inkişafına xüsusi diqqətin göstərildiyini, ölkəmizdə sabitliyin və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu deyib.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın işğalda olan torpaqlarını BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad etdiyini, işğal dövründə həmin yerlərdə dini və mədəni abidələrin erməni tərəfinin vandalizminə məruz qaldığını vurğulayıb.

“Qarabağda müxtəlif dinlərin məbədləri var: müsəlman, pravoslav xristian, erməniləşdirilmək cəhdlərinə məruz qalmış alban-udi kilsələri və əslən erməni kilsələri. Bunların heç biri Azərbaycan dövlətinin və onun başçısının diqqətinin kənarında qalmır, hamısı dövlətin himayəsi altındadır və hamısı bərpa olunacaq. Bakının mərkəzindəki təmirli erməni kilsəsi buna sübutdur ki, ölkəmizdə bütün dini məbədlərə ayrı-seçkilik fərqi qoyulmadan eyni mövqedən yanaşma mövcuddur”, - deyə QMİ sədri diqqətə çatdırıb.

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, münaqişə dövründə Azərbaycan dindarlarının əsas diqqət yetirdiyi məqam bu münaqişənin dini müstəviyə keçməməsi idi. Bu xüsusda Rus Pravoslav kilsəsinin vasitəçiliyi xüsusi qeyd edilməlidir. QMİ sədri bütün Rusiyanın patriarxı Aleksi, sonra isə patriarx Kirilin vasitəçilik səyləri sayəsində erməni kilsəsinin rəhbərləri ilə 1988-ci ildən bəri baş tutan görüşlərini xatırladaraq deyib: “Bu görüşlərdə əsas məqsədlərdən biri münaqişənin dini müstəviyə keçməsinin qarşısının alınması idi. Həmçinin görüşlərdə digər humanitar məsələlər - əsrlərin qaytarılması, həlak olmuş hərbçilərin cəsədlərinin mübadiləsi kimi məsələlər də həll olunurdu”.

Tərəflər Azərbaycan ilə Vatikan arasındakı əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Azərbaycanda əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin və bugünkü multikultural harmoniya mühitinin bütün dünya üçün örnək olduğunu deyib. O qeyd edib ki, Qarabağ torpaqlarında erməni işğalı zamanı sadəcə müsəlman məscidləri deyil, eləcə də xristian məbədləri vandalizm və həqarətlərə məruz qalıb, lakin artıq həmin məbədlər dini kimliyindən asılı olmadan dövlətin qayğısı altındadır və ən qısa zamanda bərpa olunacaq.

Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete isə çıxışında Azərbaycanda Katolik Kilsəsinin fəaliyyəti üçün tam şəraitin yaradıldığını bildirib. O, QMİ sədrinin Müqəddəs Tax-Tacda keçirdiyi görüşlərin Azərbaycan ilə Vatikan arasında sıx əlaqələrin göstəricisi olduğunu deyib, yüksək səviyyəli qarşılıqlı səfərlərin iki dövlət arasında mövcud tərəfdaşlıq əlaqələrini möhkəmləndirəcəyinə əminliyini vurğulayıb.

Görüşdə, həmçinin Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini, müfti Salman Musayev iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti