...

Brüsseldə danışıqlar çərçivəsində ciddi irəliləyiş əldə olunub - Sergey Markov

Siyasət Materials 8 Aprel 2022 15:44 (UTC +04:00)
Brüsseldə danışıqlar çərçivəsində ciddi irəliləyiş əldə olunub - Sergey Markov

Bakı. Trend:

Brüsseldə danışıqlar çərçivəsində ciddi irəliləyiş əldə olunub.

Bunu Trend-ə Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə əldə olunan razılaşmanı şərh edərkən deyib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında Brüsseldə baş tutan danışıqlarda bir sıra vacib aspekt var.

“Birincisi, bu, ciddi, substantiv danışıqlar oldu və dörd saatdan çox davam etdi. Bu çərçivədə ciddi irəliləyişlər əldə olunub. İlk növbədə, birgə sərhəd komissiyasının yaradılması qərara alınıb. Nəzərdə tutulduğu kimi, bu komissiya sərhədin delimitasiyası və demarkasiyası üzrə işləri sürətləndirəcək. Bu günədək Ermənistan bu işi pozurdu, amma indi bu istiqamətdə irəliləməyə hazır olduğunu bildirib. İkincisi, hər iki tərəf gələcək sülh müqaviləsinin hazırlanması ilə ciddi məşğul olmaq niyyətini bildirib. Nəzərdə tutulur ki, sülh sazişi ən əsas məsələni, sərhədlərin qarşılıqlı tanınmasını, digər sözlə Ermənistanın Qarabağı Azərbaycanın hissəsi kimi tanımasını qeydə alacaq”, - deyə S.Markov bildirib.

O vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsində kömək göstərə bilər.

“Erməni işğalından azad edilmiş ərazilərin bərpası üçün ən böyük problem minalardır. Orada hər yer minalanıb. Ermənistan bütün mina xəritələrini verməyib, verilənlər isə 75 faiz faydasızdır. Əgər Avropa İttifaqı böyük ərazilərin minalardan təmizlənməsi təcrübəsi ilə bu məsələdə kömək göstərsə, bu, irəliyə atılan böyük addım olacaq”, - S.Markov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti