...

Gəncliyin gələcəyə baxışı: YAP Xətai rayon təşkilatı bu mövzuda konfrans keçirib (FOTO)

Siyasət Materials 15 Aprel 2022 17:54 (UTC +04:00)
Gəncliyin gələcəyə baxışı: YAP Xətai rayon təşkilatı bu mövzuda konfrans keçirib (FOTO)

Bakı. Trend:

Aprelin 15-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında “Gəncliyin gələcəyə baxışı” mövzusunda konfrans keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə dövlətin gənclər siyasətindən geniş bəhs edib: “Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü gənclərə diqqət və qayğının bariz nümunəsidir. Hələ Sovet İttifaqı dövründə Azərbaycanın müstəqil gələcəyini düşünən ulu öndər Heydər Əliyev gəncləri keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərmişdir. Həmin illərdə, həmçinin bu gün Zəfər salnaməsini yazaraq dünyanın ən güclü orduları sırasında yer alan Silahlı Qüvvələrimiz üçün möhkəm təməl yaradılmışdır. Belə ki, o dövrdə ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin təməli qoyuldu ki, bu gün ordumuzda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin məktəbin yetirmələridir. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövr gənclərimizin dövlət idarəçiliyində irəli çəkilməsi, onların inkişafı üçün bütün imkanların formalaşdırılması ilə xarakterizə olunur. Ümummilli Lider müəyyənləşdirdiyi gələcəyə hesablanmış strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı.”

“2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, İnkişaf Strategiyası təsdiqləndi: “Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Tarixi Qələbəmizdə əsas missiyanı məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Torpaqlarımızın azadlığı uğurunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm.”
Azərbaycan gənclərinin intellektual potensialından geniş bəhs edən Vüqar Rəhimzadə gənclərimizin yenilikçi, müasir dünyagörüşə, hadisələrə çağdaş dövrümüzün tələbləri səviyyəsində yanaşmalarını önə çəkərək bu fikri xüsusi vurğulayıb ki, tarixi Zəfərimiz Azərbaycan gəncliyinin hansı imkanlara malik olduğunu, ən əsası onların Vətən, torpaq sevgisini nümayiş etdirdi: “Artıq Azərbaycan inkişafın yeni mərhələsini yaşayır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri geniş vüsət alıb. Ölkə Prezidenti İlham Əliyevin tapşırıqları əsasında bu ərazilərimiz müasir dövrün tələbləri səviyyəsində qurulur. Tarixi Zəfərimiz gənclərin qarşısında dayanan vəzifələrə də əlavələr, dəyişikliklər edib. Bu vəzifələr yeni yaranan reallıqların dünya birliyi tərəfindən qəbul olunmasına dəstək verməkdən, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə yeni ideyaları əsasında töhfələri artırmaqdan ibarətdir.”
YAP Xətai rayon təşkilatının sədri ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında birləşən 800 minə yaxın üzvün təxminən 40 faizdən çoxunu gənclərin təşkil etdyini önə çəkərək vurğulayıb ki, gənclərimiz partiyada öz potensial imkanlarını nümayiş etdirmək üçün böyük meydan görürlər: “Partiyanın tərkibində 1995-ci ildə Gənclər Birliyinin yaradılması da onlara diqqətin, ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına göstərilən qayğının göstəricisidir. Daim yeniliklərə, təkmilləşməyə maraq göstərən YAP qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini yeni tələblərə uyğun olaraq davam etdirir. Bu prosesdə partiyanın gəncləri də fəal iştirak edirlər. YAP Xətai rayon təşkilatı olaraq gənclərin ictimai-siyasi fəallıqlarının artırılmasına xüsusi önəm verir və bu istiqamətdə mühüm layihələrin icrasına nail oluruq. YAP-ın ötən ilin martında keçirilən VII qurultayında qəbul olunan qərarlar yeni vəzifələrə çağırışdır. Partiyanın hər bir rayon təşkilatı, hər bir üzvü, o cümlədən gənclərimiz tarixi Zəfərimizin reallıqları fonunda keçirilən partiyanın VII qurultayında qəbul olunan yeni Nizamnaməyə uyğun qarşıya qoyulan vəzifələrin icrasına öz töhfələrini verməyə səy göstərirlər. YAP-ın gəncləri bundan sonra da Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği, möhtərəm Prezidentimizin siyasətinin fəal təbliğatı, milli maraqlarımızın, milli-mənəvi dəyərlərimizin qorunması, gənclərə vətənpərvərlik hisslərinin aşılanması işində, ölkəmizə qarşı yönəlmiş kampaniyalarla mübarizə çərçivəsində sosial şəbəkələrdə fəallıqlarını daha da gücləndirəcəklər.”

Çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, YAP Gənclər Birliyi ardıcıl olaraq partiyanın rayon təşkilatlarında gənclərlə silsilə görüşlər keçirir: “Bu görüşləri keçirməkdə məqsədimiz var. 2021-ci ilin mart ayında YAP-ın VII qurultayı baş tutdu. Bundan sonra partiyamızda bir sıra mühüm dəyişikliklər, yenilənmələr oldu. Azərbaycan gəncliyinin qarşısında geniş, vacib vəzifələr dayanırdı. Biz Vətən müharibəsinə qədər daim bilirdik, öyrənirdik və eşidirdik ki, Azərbaycan gəncliyinin ən böyük vəzifəsi, missiyası tarixi torpaqlarımızın bütövlüyünün bərpa olunması, ərazilərimizin işğaldan azad edilməsidir. Bu gün fəxr hissi ilə deyə bilərik ki, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, məhz Ali Baş Komandanın dövründə yetişmiş və mütləq əksəriyyəti gənclərdən təşkil olunan Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Tarixi ədalət 30 ildən sonra bərpa olundu. Təbii ki, bu Qələbə özü ilə bərabər regionumuza, ölkəmizə yeni reallıqlar, çağırışlar da gətirdi. Bu çağırışlar, reallıqlar Azərbaycan gəncliyinin - bizlərin üzərinə yeni vəzifələr qoydu.”
“Əgər biz Vətən müharibəsinə qədər torpaqlarımızın işğaldan azad olunmasından danışırdıqsa şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı hesabına torpaqlarımızın azad olunmasından sonra Azərbaycan gəncliyinin üzərinə düşən missiyalar, vəzifələr dəyişdi” söyləyən Bəxtiyar İslamov vurğulayıb ki, bu dəyişikliklər özü ilə bu reallığı gətirdi ki, ondan sonrakı dönəmdə Azərbaycan gəncliyinin ölkəmizin, dövlətimizin müstəqilliyinin qorunub saxlanılması, vətənpərvərlik, dövlətçilik kimi dəyərlərin gənclərimizə təbliğ olunması, bizdən sonra gələcək nəslə ötürülməsi vəzifəsi də bugünkü gəncliyin üzərinə düşdü: “Bugünkü Azərbaycan gəncliyinin vətənpərvər, öz dövlətçilik ənənələrinə, milli kimliyinə bağlılığının başlıca səbəbi ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti, böyüklərimizdən, valideynlərimizdən aldığımız tərbiyədir. Əgər bu dəyərlərin daşıyıcısı və qəbuledicisi olmuşuqsa onların sonrakı nəsillərə ötürülməsi vəzifəsi də bizim üzərimizə düşəcək. Bu, harada işləməyimizdən, vəzifəmizdən, mövqeyimizdən asılı olmayaraq hər birimizin gündəlik fəaliyyətinin bir parçası olmalıdır. YAP-ın VII qurultayından sonra YAP-ın Gənclər Birliyi də yeni əsaslarla quruldu, fəaliyyət mexanizmi müəyyənləşdi, əsasnaməsi qəbul olundu. Partiyamızın Sədri, Prezident İlham Əliyev tərəfindən biz gənclərin də qarşısına yeni vəzifələr qoyuldu.”

YAP Gənclər Birliyinin sədri qeyd edib ki, yeni formalaşmış, müəyyənləşmiş 30 nəfərlik heyətimiz var: “Pandemiyaya, karantin məhdudiyyətlərinə baxmayaraq, müəyyən layihələr icra etməyə, planlarımızı həyata keçirməyə çalışmışıq. Amma 30 nəfərin düşünəcəyindən daha çoxunu etmək olar. Bunları sizdən gələn təkliflər, planlar, təşəbbüslər əsasında edə bilərik. Fəaliyyətimizin daha dayanıqlı, sistemli, uğurlu və effektiv olması üçün bundan sonrakı dönəmdə öz təkliflərinizi, fikirlərinizi səsləndirə, təşəbbüskarlığınızı göstərə bilərsiniz. Çünki ölkəmizin daha da inkişaf etməsi, qazanılan uğurların sayının artması, daha güclü Azərbaycan naminə, kefiyyətli həyat şəraitinə malik cəmiyyətin formalaşması biz gənclərin üzərinə düşən vəzifədir. Bütün bunlar bizim bundan sonra atacağımız addımlardan, görəcəyimiz işlərdən, edəcəyimiz təşəbbüskarlığımızdan daha çox asılı olacaq. Mən çox istəyərdim ki, biz hamımız birlikdə bu vəzifəni öz ali missiyamız olaraq qəbul edək və bu işləri birgə görmək üçün addımlar ataq.”

Konfransda çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev bildirib ki, bir dövlətin gələcək inkişafını uğurlu şəkildə təmin etmək üçün onun vətənpərvər ruhda yetişmiş gəncliyə sahib olması çox önəmli məsələdir: “Çünki gənclər cəmiyyətin əsas aparıcı və inkişafa təkan verməyə qadir qüvvəsidir. Bu baxımdan müasir Azərbaycan dövlətinin memarı olduğu kimi, müasir Azərbaycan gəncliyinin də memarı ulu öndər Heydər Əliyevdir. Ölkəmizin müstəqillik əldə etdiyi ilk dövrlərdə pərakəndə vəziyyətə salınmış Azərbaycan gəncliyi müxtəlif siyasi qüvvələrin əlində oyuncağa çevrilmişdi, gənclərimizdən qeyri-sağlam məqsədlər üçün istifadə edirdilər. Məhz ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra əsas diqqəti ölkə gəncliyini bir araya toplamağa yönəltdi və onların bilik və bacarıqlarını, enerjisini Azərbaycanın inkişafına istiqamətləndirdi.”
“Bugünkü müasir Azərbaycan gəncliyi son 30 ildə ulu öndər Heydər Əliyevin ideyaları əsasında yetişən gənclikdir” söyləyən Fəsli Nəbiyev vurğulayıb ki, bu gənclik Vətən müharibəsi dövründə ölkəmizin ərazi bütövlüyü uğrunda təmsil olunduğu sferadan, öz siyasi, ictimai baxışlarından asılı olmayaraq milli birlik nümayiş etdirərək cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib torpaqlarımızın azad olunması uğrunda fədakarcasına mübarizə apardı. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində dəfələrlə vurğulamışdır ki, torpaqlarımızın düşmən tapdağından azad olunasında gənclərin rolu əvəzolunmazdır.

YAP Gənclər Birliyinin sədr müavini tarixi Zəfərimizdən sonra gənclərin qarşısında dayanan vəzifələrdən geniş bəhs edərək dövlət maraqlarının qorunmasının hər zaman olduğu kimi, bu gün də prioritet olduğunu vurğulayıb.

Tədbirdə gənclər adından çıxış edən qazilər Rəşad Eldarzadə və Famil Məlikov, Tural Əhmədli, Kənan Tağıyev və Aysel Mayıllı Azərbaycan gəncliyinin keçdiyi inkişaf yolundan və bu gün dünyaya səs salan tarixi Zəfərmizə imza atılmasında onların rolundan geniş bəhs ediblər. Bildiriblər ki, gənclərimiz daim fəal olmalı, dövlət maraqlarının qorunmasına öz töhfələrinə verməli, Azərbaycanın dayanıqlı inkişafının təmin olunması üçün bütün qüvvə və bacarıqlarını səfərbər etməlidirlər. Azərbaycan gəncləri qürurludur, 30 il işğal altında qalan torpaqlarımız tarixi sahiblərindədir.
Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının və “91-lər”in üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Ədalət Fərəcov müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycan gənclərinin bu günü üçün yaratdığı möhkəm təməldən bəhs edib: “Ümummilli Lider ilk azərbaycanlı olub ki, təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışıb və ən yüksək - general rütbəsi alıb. Ulu Öndər milli kadrların təhlükəsizlik orqanlarına işə cəlb olunmasına müstəsna əhəmiyyət vermişdir. Sanki Azərbaycanın gələcəyini özünün intellekti səviyyəsində qərarlaşdırmışdır. Digər tərəfdən, ulu öndər Heydər Əliyev təhlükəsizlik orqanlarında işləyərkən çox sayda Azərbaycan ziyalısının həyatını o vaxt üçün yarana bilən real təhlükələrdən xilas etmişdir. Təsaüdüfi deyil ki, həmin ziyalıların əksəriyyəti sonrakı illərdə mətbuat vasitəsilə ulu öndər Heydər Əliyevə dəfələrlə öz minnətdarlıqlarını bildirmişdilər. Bütün bunlar sübut edir ki, Heydər Əliyev hələ təhlükəsizlik orqanlarında fəaliyyət göstərərkən adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır.”

Ədalət Fərəcov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin mühüm əhəmiyyət verdiyi sahələrdən biri təhsil idi: “Xüsusilə, azərbaycanlı gənclərin hərbi sahədə təhsil almaları üçün Heydər Əliyevin təşəbbüsü ilə Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycan Dövlət Pedoqoji Universitetinin nəzdində Hərbi və fiziki təlim fakültəsi açıldı. Həmin fakültə öz fəaliyyətini bu və ya digər şəkildə bu gün də davam etdirir. Elə həmin illərdə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Ulu öndər Heydər Əliyev orta məktəbi yenicə bitirmiş istedadlı gənclərin keçmiş İttifaqın nüfuzlu ali təhsil ocaqlarında oxumalarını təşkil edirdi. Eyni zamanda, azərbaycanlı gənclərin hərbi məktəblərə ezam olunmalarına və hərbi təhsil almalarına qayğı göstərirdi. O, yalnız Azərbaycanın bugününü deyil, gələcəyini də fikirləşirdi.”
YAP Veteranlar Şurasının üzvü ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə gənclər siyasətinin dövlətin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsinə çevrilməsindən, gənclərin irəli çəkilməsindən, onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakını təmin etmək üçün atdığı addımlardan, Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin çoxluq təşkil etməsindən və Heydər Əliyev ideyalarının təbiliği istiqamətində göstərdikləri səylərdən bəhs edib.

Ədalət Fərəcov Prezident İlham Əliyevin son 18 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirməsindən geniş bəhs edərək bildirib ki, Ümummilli Liderin Azərbaycan dövləti, xalqı qarşısındakı ən böyük xidmətlərindən biri 2003-cü ildə xalqa müraciəti və həmin müraciətdə cənab İlham Əliyevə özü qədər inandığını, Onun gələcəyinə böyük ümidlər bəslədiyini ifadə etməsi oldu. Prezident İlham Əliyev etimadı doğrultdu, Azərbaycana böyük uğurlar qazandırdı. Prezident İlham Əliyev Ulu Öndərin siyasi varisi olmaqla onun daxili və xarici siyasətini uğurla davam etdirdi. Əldə edilən uğurlar 2020-ci ildə 44 günlük Zəfər yürüşündə qalibiyyətimzi şərtləndirdi. Bu gün hər birimiz torpaqlarımızın işğaldan azad edilməsinin sevincini yaşayırıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixmizin ən şanlı səhifəsini yazdı. bu Zəfər gənclərimizin vətənpərvərlik ruhunun təqdimatıdır.”
Aprelin 15-i Ədalət Fərəcovun doğum günüdür. YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bu münasibətlə Ədalət Fərəcovu təbrik edib, ona cansağlığı arzulayıb. YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamaov YAP Xətai rayon təşkilatının Fəxri fərmanını, həmçinin gül dəstəsini Ədalət Fərəcova təqdim edib.

Diskussiya şəklində davam edən tədbirdə qonaqlar gəncləri maraqlandıran sualları cavablandırıblar.

Sonda partiya sıralarına yeni daxil olanlara YAP-ın üzvlük vəsiqəsi, həmçinin rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gəncə Fəxri fərmanlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti