...

Əbədiyaşarlıq haqqını qazanmış Ulu öndər (FOTO/VİDEO)

Siyasət Materials 10 May 2022 12:20 (UTC +04:00)
Əbədiyaşarlıq haqqını qazanmış Ulu öndər (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ulu öndər Heydər Əliyevin həyatının leytmotivi Azərbaycanın müstəqilliyi, dövlətçiliyi və xalqımızın xöşbəxtliyi idi. Heydər Əliyev bütün həyatı boyu bu amallar üçün yaşayan bir insan idi.

Bunu Trend-ə Azərbaycanın ilk Ombusdmanı Elmira Süleymanova deyib.

O bildirib ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri ölçüyəgəlməzdir.

“İstərdim ki, Heydər Əliyevlə bağlı fikirlərimi 90-cı illərdən başlayım. 1990-cı ilin qanlı 20 Yanvar faciəsi yaddaşlarımızdan silinməz, çox ağır bir hadisə idi. Həmin dövrdə nə ozamankı hökumət səsini çıxardı, nə bir qərar qəbul olundu, nə də bu hadisəyə siyasi qiymət verildi. Tarix də göstərdi ki, əslində, bu hadisələrin səbəbkarlarından biri də o zaman hakimiyyəti zəbt etmiş, dövlət idarəçiliyindən xəbəri olmayan, rəhbərliyə təsadüfən gəlmiş insanlar idi.

İlk dəfə bu faciəyə siyasi qiymət verən Ulu öndər Heydər Əliyev oldu. O çətin dövrdə Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi, ağır və gərgin vəziyyətdə özünə xas olan cəsarətlə Bakıda dinc əhalinin qırğınına siyasi qiymət verdi və Qorbaçovu cinayətkar, bu faciənin səbəbkarı kimi qiymətləndirdi. Əlbəttə, o zaman bunu etmək insandan çox böyük qətiyyət tələb edirdi, böyük risk daşıyırdı. Lakin bu, Heydər Əliyevə xas olan bir cəsarət idi və ömür boyu özünün bu keyfiyyətlərini ən ağır vəziyyətlərdə də nümayiş etdirib. Beləliklə, bədbinliyə uğramış xalqımız başa düşdü ki, bizim xilaskarımız var, biz bu ağır durumdan inkişaf yoluna qədəm qoyacağıq, mübariz olmalıyıq.

1993-cü ildə Heydər Əliyev Bakıya, ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. O zaman Azərbaycanda yoxsulluğun səviyyəsi 85 faizə çatmışdı, ölkəmizi dağıntılar, siyasi, iqtisadi, sosial, bir sözlə, hərtərəfli böhran bürümüşdü, xaos və özbaşınalıq hökm sürürdü. Belə bir çətin vəziyyətdə Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdı və ilk günlərdən hərtərəfli islahatların özülünü qoydu.

Ümummilli liderimiz böyük və məharətli strateq olaraq, uzaq perspektivi görməklə qənaətə gəldi ki, hərtərəfli, köklü islahatlara ehtiyac var. O, yaranmış vəziyyətdən çıxmaq üçün qarşıdakı məqsədləri və onlara aparan yolları aydın görürdü, müəyyən etdi ki, ən əvvəl iqtisadiyyatımızı inkişaf etdirməliyik, güclü ordu yaratmalıyıq.

Ulu öndər dəqiq bilirdi ki, yalnız qüdrətli Azərbaycan yaranmış gərgin geosiyasi vəziyyətdə 200 ildən çox davam edən erməni təcavüzünün qarşısını ala bilər.

Heydər Əliyevin fenomenliyi ondan ibarət idi ki, o, uzağı görürdü, məqsədləri dəqiq müəyyən edirdi və o məqsədlərə aparan ən səmərəli yolları tapa bilirdi”, - deyə E.Süleymanova qeyd edib.

O vurğulayıb ki, ümummilli liderimiz siyasi hakimiyyətə qayıtdıqda ən əvvəl heç də asan olmayan iki mühüm məsələni həll etdi. “Birincisi, 1994-cü ildə Ermənistanla atəşkəs əldə olundu. Bu atəşkəs zaman udmaq üçün vacib və çox böyük strateji əhəmiyyət kəsb edən bir nailiyyət idi.

Başqa bir mühüm qərar isə ölüm hökmünün aradan qaldırılması idi. 1993-cü ildə bu cəza növünə qadağa qoyuldu, 1998-ci ildə isə artıq Heydər Əliyevin tövsiyəsi ilə Milli Məclis bu haqda qanun qəbul etdi.

Ölüm cəzasının aradan qaldırılmasına qarşı etirazlar var idi. Sual olunurdu ki, bir və ya bir neçə şəxsi qətlə yetirən insanı nə üçün ölümlə cəzalandırmaq olmaz?! Amma Ulu öndərin məntiqinə və humanist yanaşmasına, müdrik cavabına baxın ki, insan insanı öldürübsə, bu, başqa haldır, lakin hüquqi-demokratik dövlət öz vətəndaşını öldürə bilməz və təkidlə bu qərarı qanun səviyyəsinə qaldırdı”, - deyə E.Süleymanova bildirib.

O, həmçinin, dərin böhrandan çıxış yolu kimi “Əsrin müqaviləsi”nin əhəmiyyəti haqqında danışıb. “Bu nəhəng layihənin nəinki ölkədaxili problemlərin həllində, həmçinin, beynəlxalq aləmdə tarixi əhəmiyyətinə bu gün hər kəs şahidlik edir. Lakin o zaman Heydər Əliyevin bu taleyüklü təşəbbüsünü tənqid edənlər, şübhə altına alanlar da var idi. Zaman isə bu tənqidlərin tamamilə əsassız olduğunu, həmin neft müqaviləsinin ölkəmizi tamamilə yeni mərhələyə, inkişafa və tərəqqiyə doğru apardığını, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə səbəb olduğunu göstərdi.

Yeri gəlmişkən, 1999-cu ildə tarixi İstanbul sammiti baş tutdu. Qeyri-hökumət təşkilatının rəhbəri olaraq mən də o sammitə dəvət olunmuşdum. Burada ilk dəfə olaraq Heydər Əliyev bəyan etdi ki, Azərbaycan təklif olunan və bir çox dövlətlərin marağında olanı deyil, məhz Bakı-Tbilisi-Ceyhan marşrutunu seçir.

Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl isə çıxışında bildirdi ki, Heydər Əliyev bu qərarı ilə yalnız Türkiyə və Azərbaycanı yox, bütün türk dünyasını şərəfləndirdi. Bu sammitdə bir daha şahidi oldum ki, güclü siyasətçi, dövlət xadimi və diplomat olan prezidentimiz özünün bir qərarı ilə dünya miqyasında xalqının nüfuzunu necə məharətlə qaldırdı”, - deyə sabiq Ombudsman bildirib.

E.Süleymanova vurğulayıb ki, ümummilli liderimizin ən mühüm prioritetlərindən biri də ölkədə insan hüquq və azadlıqlarının təmin olunması idi.

“2001-ci il yanvarın 25-də Azərbaycan Avropa Şurasına üzv qəbul olundu və qaydalara uyğun olaraq qarşımızda bir sıra öhdəliklər qoyuldu.

Onlardan biri də bir il müddətində Azərbaycan Respublikası “İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)” haqqında qanunun qəbul edilməsi idi. Lakin uzaqgörən liderimiz 1998-ci ildə Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunmasının səmərəliliyinin artırılması ilə bağlı fərman və sərəncam imzalamışdı və bu rəsmi sənədlərdə Azərbaycanda ilk dəfə olaraq ombudsman adı çəkilirdi. Bu sənədlər Avropa Şurasının qoyduğu müvafiq öhdəliyin yerinə yetirilməsi üçün artıq zəmin yaratmışdı. Elə 2001-ci ilin dekabrın 28-də artıq Milli Məclisdə “Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)” haqqında ilk və Konstitusiya statuslu qanun qəbul edildi, Avropa Şurasının və digər beynəlxalq ekspertlərin dəyərləndirdiyinə görə, bu, çox mükəmməl qanun idi.

Səbəb isə o idi ki, bu qanun dünyada 200 ildən çox müddət ərzində fəaliyyət göstərən ombudsman təsisatlarının təcrübəsindən yararlanaraq, habelə, ölkəmizin xüsusiyyətlərini nəzərə alaraq ərsəyə gətirildi. 2002-ci il 2 iyul tarixində Milli Məclis ölkə Prezidentinin tövsiyəsi ilə verilən üç nazmizəddən birini səsvermə yolu ilə Azərbaycanın ilk Ombudsmanı seçdi. Ölkəmizin ilk Ombudsmanı olmaq mənim taleyimə düşdü. Bu gün Azərbaycan Ombudsmanı dünya ombudsmanlar ailəsində uğurlu bir təsisat kimi tanınmışdır”, - deyə E.Süleymanova əlavə edib.

O qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin banisi, dövlət quruculuğunun, onun hərtərəfli inkişafı üçün yeni strategiyaların müəllifi, bunların dinamik tərzdə həyata keçirilməsi üçün səmərəli idarəetmə mexanizmlərinin yaradılmasında milsilsiz xidmətləri ilə Ulu öndər Heydər Əliyev xalqımızın qəlbində əbədiyaşarlıq haqqı qazanıb.

E.Süleymanova əlavə edib ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Vətən müharibəsində böyük Zəfərə aparan siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Cənab Prezident, Müzəffər Ali Baş Komandan, məharətli sərkərdə və diplomat İlham Əliyev xalqımızı və ordumuzu bir yumruq kimi ətrafında birləşdirərək 44 günlük Vətən müharibəsində şərəfli tarixi Zəfər əldə etməklə 30 illik erməni işğalına son qoydu, hər hansı bir dövlətin və beynəlxalq qurumun dəstəyi olmadan Qarabağ münaqişəsini həll etdi. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə nəhəng bərpa və quruculuq işləri həyata keçirilir, insanlarımızın uzun illər həsrətində olduğu doğma yurdlarına qayıtması üçün geniş real imkanlar yaradılır.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan böyük inkişaf yolu keçib, siyasi, iqtisadi, sosial və digər sahələrdə ciddi nailiyyətlər əldə edib, ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da güclənməkdədir.

Bu gün Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyir və ildən-ilə yeni zirvələr fəth edəcək”, - deyə E.Süleymanova qeyd edib.

Elmira Süleymanovanın "Sahil Kərimli ilə Aktual" layihəsinə verdiyi müsahibənin videovariantını təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti