Bakı. Trend:
Əminəm ki, Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Bu gün IX Qlobal Bakı Forumunun açılışıdır və əminəm ki, müzakirələr həmişəki kimi çox məhsuldar olacaq. Çünki bizim böyük auditoriyamız var. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və Forumda iştirak edən qonaqlar əminəm ki, qlobal arenada ən vacib məsələlərlə bağlı çox açıq və səmimi müzakirəyə töhfə verəcəklər.
Əminəm ki, müzakirələr və fikir mübadiləsi qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına kömək edəcək. Öz fəaliyyəti ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrilmişdir. Biz İdarə Heyətinin üzvləri ilə dünən görüşdük və mənə məlumat verildi ki, IX Forumda demək olar ki, 50 ölkədən nümayəndə, yüksək səviyyəli nümayəndə iştirak edir və bu göstərici bir il bundan əvvəlki göstəricidən xeyli çoxdur. Bu, bizim müzakirələrin cəlbedici olduğunu nümayiş etdirir, bu platformaya ehtiyacın olduğunu nümayiş etdirir və o, çox faydalıdır, onun çox mühüm praktiki təsiri var.
Mən əminəm ki, bu gün Bakıda və bazar günü Şuşada müzakirə olunan məsələlər qərar qəbul edən şəxslər üçün vacib olacaq. Çünki bu gün heç vaxt olmadığı kimi, yeni yanaşmaların işlənib hazırlanmasına ehtiyac var. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə, xanım Vike-Freyberqaya və cənab Serageldinə Mərkəzin və Qlobal Forumun, - hesab edirəm ki, indi bu Forum beynəlxalq aparıcı forumlar sırasında yüksək yerdədir, - transformasiyasına verdikləri böyük töhfələr üçün təşəkkürümü bildirmək istəyirəm. Həmçinin İdarə Heyətinin bütün üzvlərinə bu transformasiyada fəal rol oynadıqlarına görə təşəkkürümü bildirmək istəyirəm".