...

Dünya bazarlarında neftin qiymətinin artması qlobal infilyasiyanı sürətləndirir

Siyasət Materials 12 İyul 2022 23:14 (UTC +04:00)
Dünya bazarlarında neftin qiymətinin artması qlobal infilyasiyanı sürətləndirir

Bakı. Trend:

Dünya bazarlarında neftin qiymətinin artması qlobal infilyasiyanı sürətləndirir. Qlobal bazarlarda neftin qiymətinin yüksəlməsi neft istehsalçı ölkələri üçün müəyyən gəlirləri artırsa da ümumi şəkildə qiymət artımların baş verməsinə yol açır.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, neftin qiymətinin artması neft məhsullarının qiymətlərinin də artmasına gətirib çıxarır.
“Məsələn, dünya ölkələrinin əksəriyyətində dizel yanacağı və benzinin qiymətləri hər gün dəyişilir. Azərbaycan neft istehsalçı ölkə olduğundan neft məhsulların qiymətləri dövlət tərəfindən nəzarət olunur və stabil saxlanılır. Qonşu ölkələrdə dizel yanacağı və benzin Azərbaycandakından daha bahadır.

Ümumi şəkildə müqayisə etsək, neft məhsulların qiymətlərinin daha aşağı olmasına görə Azərbaycan dünyada 13-cü yerdədir. Qeyd etmək istəyirəm ki, qonşu ölkələrdə cari ilin mart ayından etibarən Aİ-95 markalı benzinin qiyməti Rusiyada 77,8%, Gürcüstanda 34,8%, Qazaxıstanda 10%, Türkiyədə isə 51,7% artıb”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan Ai92 markalı benzini və dizel yanacağını istehsal etsə də Aİ95 və Ai98 markalı benzinləri idxal edir.

“Bu marka benzinlərin qiymətləri idxal etdiyimiz ölkələrdə artanda ölkəmizə gətirilməsi də bahalaşır. Amma indiyə qədər Aİ95 və Aİ98 markalı benzinlərin idxal qiymətləri bahalaşsa da artımları təchizatçı şirkət öz daxili vəsaiti hesabına ödəyib və daxili bazarda qiymətin artımına yol verilməyib. Belə ki, ölkəmizdə Ai95 və Aİ98 markalı benzinlərin qiymətləri 2021-ci ilin sentyabrından bu günə qədər sabit saxlanılmış və 1 litrəsini 1,60 qəpiyə pərakəndə satır.

Halbuki bu müddətdə neftin dünya bazarındakı qiyməti 65% artmış, neft məhsulların qiymətləri də analoji olaraq artmışdır. Təbii ki, ölkəmizdə satılan Ai95 və Ai98 markalı benzinin pərakəndə qiymətinin sabit saxlanılması təchizatçı şirkət üçün böyük maliyyə itkisinə səbəb olmuşdur”, - deyə A.Badamov vurğulayıb.

Deputat əlavə edib ki, ölkə daxilində istehlak olunan yanacaqların müqayisəli təhlili onu göstərir ki, avtomobillərin 91%-i Ai92 markalı benzini işlədir ki, bu marka benzinin qiymətində son artım 2021-ci ilin yanvar ayında olub.

“Bu keçən müddətdə dövlət dizel yanacağı və Ai92 markalı benzinin qiyməti stabil saxlamışdır ki, bunun da əsasında ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi dayanmışdır. Yüksək oktanlı benzini isə ölkəmizdə avtomobillərin cəmi 9% istifadə edir ki, bunlar bahalı avtomobillərdir və imkanlı şəxslər tərəfindən idarə olunur. Beləliklə dünya bazarlarında neftin və neft məhsulların qiymətlərində artımlar olmasına baxmayaraq ölkə daxilində istehsal olunan yanacaq növlərinin qiymətləri sabit saxlanılır.

Azərbaycanın neft emalı sənayesi yenilənir. Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması 2023-cü ilin ortalarında başa çatdırılması nəzərdə tutulur. Neft emalı zavodu yenidən qurulduqdan sonra Avro-5 standartlara uyğun dizel yanacağı və benzin istehsal olunmağa başlayacaqdır ki, bu da idxaldan asıllığımızın aradan qalxmasına və ölkə daxilində yanacağın qiymətinin stabil saxlanmasına imkan yaradacaqdır. Azərbaycan dövləti neftin qiymətlərini formalaşdıranda həmişə əhalinin sosial vəziyyəti nəzərə almışdır və yerli istehsalımız genişlənəndən sonra daxili bazarımızı tam şəkildə nəzarətdə saxlaya biləcəyini hesab edirəm” – deyə deputat vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti