...

Şəhid ailələri və müharibə əlillərinə dövlət qayğısı davamlı xarakter daşıyır - RƏY

Siyasət Materials 17 İyul 2022 13:27 (UTC +04:00)
Şəhid ailələri və müharibə əlillərinə dövlət qayğısı davamlı xarakter daşıyır - RƏY
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2020-ci il 44 günlük Vətən müharibəsində şanlı Zəfər əldə etdi. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Təbii ki, bu qələbəni təmin edən bir sıra səbəblər vardı. Onlardan biri də Silahlı Qüvvələrə diqqət və qayğı ilə bağlı idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, eyni siyasət postmüharibə dövründə də davam edir. "Qeyd etməyi özümə borc bilirəm ki, sosial dövlət olan Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, qazilər, o cümlədən Vətən müharibəsi iştirakçıları daim ön sırada tutulur. Dövlətimiz şəhid ailələri, qazilər, müharibə veteranları, ümumiyyətlə imtiyazlı təbəqə üçün əlindən gələni edir. O cümlədən müharibə veteranlarına avtomobillər verilir, onların sosial problemləri həll edilir", - deyə o bildirib.

Deputat qeyd edib ki, şəhid ailələri və müharibə əlillərini xüsusi qayğı ilə əhatə edən dövlət başçısının fərman və sərəncamları ilə həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi gücləndirilib, onlara yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib.

"Eyni zamanda, Prezident İlham Əliyevin göstərişi ilə həmin kateqoriyadan olanların mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib".

V.İskəndərov bildirib ki, bu siyasət 2022-ci ildə də uğurla davam etdirilir: "Məsələn, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ailələrinə bu günə qədər 12 mindən çox mənzil verilib. 2021-ci ildə 3 min, bu il 1500 mənzil verilib və bundan sonra da veriləcək. Bu mənzillərdə yaşamaq üçün bütün şərait var. Cənab Prezidentin tapşırığına əsasən, şəhidlərin yaxınları da daim diqqət mərkəzindədir.

Bütün bu sadalananlar, o cümlədən, qazilərə və şəhid ailələrinə dövlət dəstəyi, onların Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olması, problemlərinin həll edilməsi bir daha dövlətimizin bu kateqoriyadan olan insanlara qayğısını əyani şəkildə nümayiş etdirir. Bu siyasət davamlı xarakter daşıyır. Vətən uğrunda canından keçmiş insanların yaxınları, o cümlədən, qazilər, müharibə iştirakçıları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar", - deyə deputat əlavə edib.

"Ölkəmizdə çox uğurlu sosial siyasət həyata keçirilir və bu siyasətin tərkib hissəsi olaraq ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli istiqamətində ciddi işlər aparılır". Bunu isə Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. Deputat bildirib ki, Dövlət başçısı hər zaman bu istiqamətdə xüsusi diqqət və qayğı göstərir. "Son üç il ərzində bu sahədə inqilabi islahatlar həyata keçirilib. Belə ki, məhz şəhid ailələri və müharibə əlillərinə verilən təqaüd və müavinətlər üç dəfəyə qədər artırılıb. Ötən ildə və bu ildə də ölkə Prezidentinin fərmanı ilə əlillərin müavinətləri artırılıb. Bu kateqoriyadan olan insanların nəinki müavinətləri, eyni zamanda onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və avtomobillərlə təmin edilməsi istiqamətində ciddi iş aparılır", - deyə S.Hüseynova bildirib. O qeyd edib ki, ölkə Prezidentinin imzaladığı proqram çərçivəsində 2021-2025-ci illərdə 11 min ailənin mənzil və fərdi evlərlə təmin edilməsi nəzərdə tutulur. "Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Nəticədə bu günə kimi bu kateqoriyaya aid olan 13 mindən çox şəxs mənzil və ya fərdi evlərlə təmin edilib. Bunun təxminən 3 500-ü postmüharibə dövründə verilib. Eyni zamanda qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də çox mühüm addımlar atılır. Bu da onların öz sağlamlıqlarını bərpa etməsinə töhfə verir. Sosial-psixoloji xidmətlərin göstərilməsini də bu işlərə əlavə etmək olar. Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri çərçivəsində son 4 ildə 1500-dək, ümumilikdə ötən dövrdə 7450 müharibə əlili avtomobillə təmin edilib. Azərbaycanda şəhid ailələrinə hər zaman diqqət və qayğı yüksək olub və bundan sonra da belə olacaq. Bu kateqoriyadan olan insanlara dövlət qayğısı həm də onu göstərir ki, Vətən yolunda öz canından, qanından keçən insaları nə dövlət, nə xalq unutmur, onlar daim dövlətin qayğısı ilə əhatə olunur", - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti