...

Hərbi yönümlü qeyri-hökumət təşkilatları Prezident İlham Əliyevə təşəkkür ediblər

Siyasət Materials 3 Avqust 2022 10:05 (UTC +04:00)
Hərbi yönümlü qeyri-hökumət təşkilatları Prezident İlham Əliyevə təşəkkür ediblər

Bakı. Trend:

Hərbi yönümlü qeyri-hökumət təşkilatları Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Müzəffər Ali Baş Komandan!

Sizin şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğınız nəticəsində bu kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi, rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq mühüm addımlar atılır.

Müzəffər Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra da şəhid ailələri, müharibə əlilləri və iştirakçıları geniş miqyaslı sosial dəstək proqramları ilə əhatə olunublar.

Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 5 dəfə genişlənməklə, postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinə 3600, ümumiyyətlə ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev verilməsi, 7450 nəfər müharibə əlilinə minik avtomobili verilməsi, ümumilikdə 330 müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunması və digər tədbirlər onlara göstərilən qayğının bir nümunəsidir.

Həmçinin Vətən müharibəsi zamanı sağlamlığını itirən hər bir əsgər və zabitimizin müalicəsi, onların reabilitasiyası, onların yenidən cəmiyyətə inteqrasiyası üçün aparılan mühüm və ardıcıl işlər Sizin müharibə iştirakçılarına qayğıkeş, həssas münasibətinizdən irəli gəlir.

Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlərin artırılması üçün ötən dövrdə mühüm addımlar atılıb, xüsusilə son illərdə bu istiqamətdə ciddi artımlar tətbiq edilib. Müharibə veteranlarının Prezidentin aylıq təqaüdləri ilə əhatə olunmaları təmin olunmaqla, onlar və şəhid ailələri ilə bağlı aktiv məşğulluq proqramları da genişlənib.

Sizin şəhid ailələrinə xüsusi qayğınız nəticəsində hələ 2019-2020-ci illərdə mühüm sosial proqram - 1997-ci il avqustun 2-dək olan dövrdə şəhid olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri birdəfəlik ödəmə ilə təmin edilməsi proqramı icra edildi və bu da şəhid ailələrinə daha bir dəstək oldu.

Bu gün isə Sizin Fərmanınızla növbəti mühüm sosial dəstək proqramına – I Qarabağ müharibəsində iştirak etmiş və sağlamlığını itirmiş, ümumilikdə 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə başlandı.

Həmin kateqoriyalardan olanlara, onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələr edilir: I dərəcə əlilliyə görə - 8 800 manat, II dərəcə əlilliyə görə - 6 600 manat, III dərəcə əlilliyə görə - 4 400 manat. Həmin qərar minlərlə müharibə əlili olan vətəndaşlarmıza, onların ailələrinə böyük dəstəkdir.

Bu qərar həm də onu göstərir ki, istər I Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində iştirak edən hər bir Azərbaycan vətəndaşı Azərbaycan Respublikasının Prezidenti üçün dəyərlidir, onların Vətən üçün etdikləri fədakarlıqlar unudulmur.

Möhtərəm Ali Baş Komandan!

Sizə şəhid ailələrinə, qazilərə, müharibə əlillərinə göstərdiyiniz bu həssas, qayğıkeş münasibətə görə hərbi yönümlü qeyri-hökumət təşkilatları adından təşəkkür edir, Azərbaycanın inkişafı və tərəqqisi üçün apardığınız mübarizədə uğurlar arzulayırıq! Bildiririk ki, bizlər Sizin siyasətinizi daim dəstəkləyir və hər zaman Sizin yanınızdayıq".

Məktubu “Qarabağ Qaziləri” ictimai birliyinin sədri Asəf Əliyev, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası ictimai birliyinin sədri Rey Kərimoğlu, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev, "Azərbaycan Vətən Müharibəsi Veteranları" ictimai birliyinin sədri Füzuli Rzaquliyev, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" ictimai birliyinin sədri Emin Həsənli ünvanlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti