Bakı. Trend:
Azərbaycanın qazandığı uğurların təməl səbəblərindən biri də ilk növbədə iqtisadi müstəqillikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə planlı şəkildə görülən işlər,Azərbaycan iqtisadiyyatına əlavə dəyər qatır.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bir sıra əhəmiyyətli məqamlara toxundu.
"Ərzaq təhlükəsizliyi məsələsi də Prezident İlham Əliyevin prioritet hesab etdiyi məsələlərdən biridir. Bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz təmin edir. Növbəti 3-5 il ərzində bu ərzaq məhsullarının daxili istehsalını yüz faiz səviyyəsinə çıxarmaq planlaşdırılır. Əlbəttə ki əsas məsələlərdən biri də Azərbaycanın özünü un üçün yararlı taxılla təmin edə bilməsidir. Bu istiqamətdə də dövlət proqramı qəbul olunub və lazımı tədbirlər görülür. 3-4 il ərzində Azərbaycanın özünü 80 faiz səviyyəsində ərzaqlıq buğda ilə təmin edə bilməsi hədəflənir".
S.Mikayılova əlavə edib ki, Azərbaycan iqtisadiyyatının inkişafı və dünya iqtisadiyyatına inteqrasiyası uğurla davam edir. Bu gün ölkədə istehsal olunan məhsulların böyük hissəsi özəl sahələrin payına düşür.
"Bu bir tərəfdən yaxşı göstəricidir ki, Azərbaycanda azad biznes mühiti mövcuddur, həm yerli, həm də xarici şirkətlər Azərbaycan iqtisadiyyatına yatırım edir, yeni iş yerləri açılır, istehsal gücümüz artır, digər tərəfdən isə dünya iqtisadiyyatındakı böhran vəziyyəti Azərbaycana da təsirsiz ötüşmür. Xüsusilə son illər dünyada baş verən siyasi toqquşmalar, bütün ölkələrə olduğu kimi Azərbaycana da təsir edir. Azərbaycan dövlətinin səyləri nəticəsində bu mənfi proseslərin ölkə iqtisadiyyatına təsirlərini minumuma endirmək mümkün olub",- deyə deputat bildirib.
S.Mikayılova azad olunmuş ərazilərin iqtisadi potensialından və Azərbaycan iqtisadiyyatına qatmaqda olduğu dəyərdən də danışıb.
"Azad edilmiş ərazilərdə həm heyvandarlıq, həm də əkinçilik üçün çox münbit iqlim və təbii şərait var. Bu imkanlarımızdan səmərəli formada istifadə üçün dövlət və özəl sektor paralel çalışır. Təkcə bu il 50 min hektarda taxıl əkilib. Həmin ərazilərin infrastrukturunun işğal dövründə ermənilər tərəfindən dağıdılması və hazırkı mina təhlükəsi kənd təsərrüfatına və digər fəaliyyətlərə ciddi əngəldir. Ancaq Azərbaycan dövləti bütün əngəlləri aşmaq iqtidarında olduğunu Vətən müharibəsində göstərdi. Əminəm ki, növbəti illərdə azad olunmuş ərazilərdə əkin sahələri daha da artacaq.
Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Heyvandarlıqla məşğul olan fermerlər bu ərazilərdən istifadə edə bilirlər. Bu da məhsuldarlığa ciddi təsirini göstəririr.
Artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Azərbaycanda bal istehsalı artıb, bal ixrac edən ölkəyə də çevrilirik", - millət vəkili vurğulayıb.
S.Mikayılova əlavə edib ki, azad olunmuş ərazilərdə düzgün, planlı şəkildə görülən işlər, xüsusilə də kənd təsərrüfatının sürətli bərpası və inkişaf etdirilməsi Azərbaycan iqtisadiyyatının dayanıqlılıını daha da gücləndirəcək və ərzaq təhlükəsizliyimizin təmin olunmasına önəmli töhfə verəcək.