...

İki il öncə Azərbaycanın müasir tarixində çox vacib bir mərhələ başladı - Səbinə Əliyeva

Siyasət Materials 26 Sentyabr 2022 10:11 (UTC +04:00)
İki il öncə Azərbaycanın müasir tarixində çox vacib bir mərhələ başladı - Səbinə Əliyeva
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Trend Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsi

- Səbinə xanım, ölkəmizdə 27 Sentyabr - Anım Günü kimi qeyd olunur. Vətən müharibəsindən sonra ölkədə və regionda yaranmış yeni reallıqlar barədə fikirlərinizi bilmək istərdik.

- Düzgün qeyd edirsiniz, məhz 2 il öncə 27 sentyabr tarixində Azərbaycanın müasir tarixində çox vacib bir mərhələ başlandı. Bu tarixin Anım Günü elan edilməsi xüsusi əhəmiyyət daşıyır.

Bütün Azərbaycan xalqını bir yumruq kimi birləşdirmiş bu müharibə nəticəsində qazanılmış Zəfər bütün bölgəmiz üçün sülh quruculuğu, inkişaf imkanları yaranmasına səbəb oldu. Bu qələbənin müəllifi isə Müzəffər Ali Baş Komandanın əmrinə əsasən və onun rəhbərliyi ilə hərbi əməliyyatlarda böyük hünər göstərmiş Azərbaycan Silahlı Qüvvələri oldu. Məcburi köçkünlərimizin uzun illər həsrətini çəkdikləri doğma yurdlarına qovuşmasına şərait yarandı və bu gün biz “Böyük Qayıdış” sevincini yaşayırıq.

Fürsətdən istifadə edərək, 27 Sentyabr - Anım Günündə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda böyük fədakarlıq göstərmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, onların ailələrinə səbir diləyirəm. Biz şəhidlərimizlə daim fəxr edəcəyik, Azərbaycan xalqı onların əziz xatirəsini həmişə yaşadacaqdır.

Rəşadətli hərbi qulluqçularımızla yanaşı, düşmənin törətdiyi ağır cinayətlər nəticəsində şəhid olmuş mülki vətəndaşlarımızın, o cümlədən həlak olmuş uşaqların da xatirəsini ehtiramla yad etmək istərdim. Ermənistan IV Cenevrə Konvensiyasının tələblərini pozmaqla mülki əhaliyə qarşı törətdiyi bu cinayətlərə görə də cavab verməlidir.

Şəhidlərimizin bizə yadigar qoyduqları ailələrinə, həmçinin qəhrəman qazilərimizə hörmət və qayğı göstərilməsi hər bir azərbaycanlının mənəvi borcudur. Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahədə uğurlu siyasət aparılır və bu əhali qrupuna xüsusi diqqət göstərilməsi dövlət qurumlarının qarşısında da vacib vəzifə kimi dayanır.

İkinci Qarabağ müharibəsi bitdikdən sonra biz də bu istiqamətdə fəaliyyətimizi genişləndirdik, şəhid ailələri və müharibə veteranlarının hüquqlarının müdafiəsi ilə əlaqədar yeni sektor yaratdıq. Mütəmadi olaraq, şəhid ailələrini ziyarət edirik və onların müraciətlərinə xüsusi həssaslıqla yanaşılır. Regionlarda şəhid ailələrinin üzvləri və müharibə veteranlarının sağlamlığının qorunması, posttravmatik stres mərhələsində onlara dəstək göstərmək məqsədilə tibbi və psixoloji yardım aksiyaları təşkil edilir.

- 30 ilə yaxın Ermənistan tərəfindən Azərbaycana qarşı müxtəlif təxribatlar törədildi. Azərbaycan Ombudsmanı olaraq, bu barədə insan hüquqları kontekstində münasibətinizi öyrənmək istərdik.

- Azərbaycan Respublikası müstəqillik qazandığı tarixdən bugünədək qonşu Ermənistanın işğalçılıq, etnik nifrət siyasətindən əziyyət çəkmişdir. Ermənistan ölkəmizə qarşı hərbi təcavüz, soyqırım, etnik təmizləmə, terror, ekoloji cinayətlər, tarixi, dini, mədəni abidələrin dağıdılması və təhqir edilməsi, ərazilərin işarələnmədən minalanması, muzdlu döyüşçülərdən istifadə, qadağan edilmiş silahlardan istifadə edərək mülki əhalinin hədəf seçilməsi kimi çoxsaylı beynəlxalq cinayətlər törətmişdir. Eyni zamanda, işğal dövründə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində qanunsuz köçürülmə siyasəti həyata keçirilmiş, Ermənistandan, habelə Livan və Suriyadan gətirilmiş ermənilər torpaqlarımızda qanunsuz olaraq azərbaycanlılara məxsus evlərə yerləşdirilmişdir. Ermənilər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən işğal edilmiş torpaqlarımızı tərk edərkən, o cümlədən bu yaxınlarda Laçının Zabux və Sus kəndlərinin boşaldılması zamanı da Ermənistanın əsasını qoyduğu nifrət yönümlü siyasətin təzahürlərinin şahidi olduq. Təbii flora və faunaya zərər vurulması, evlərin yandırılması və təhqir edilməsi bu hallar sırasındadır.

Azərbaycan tərəfi hərbi əməliyyatlar dayandırıldıqdan sonra da Ermənistanın təxribatçı əməlləri, basdırdığı minaların partlaması nəticəsində itkilər vermişdir.

Bu cinayətlərin hər biri məhz insan hüquq və azadlıqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan xalqının çoxsaylı fundamental hüquqları pozulmuş, beynəlxalq hüququn, adət hüququ normalarının tələblərinə açıq-aşkar hörmətsizlik göstərilmişdir.

Azərbaycan hökuməti tərəfindən dünya ictimaiyyətinin bu barədə məlumatlandırılması, Ermənistanın bu kimi cinayətlərə görə ədalət mühakiməsinə cəlb edilməsi istiqamətində işlər başlanmış və davam etdirilməkdədir.

Ombudsman Aparatı da 20 illik fəaliyyət dövründə bu sahəyə xüsusi diqqət ayırmışdır. Vətən müharibəsindən sonra isə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına diqqət daha da artırıldı. Buna yönəlik addımlar atdıq və davam etdirməkdəyik.

Ermənistan barədə hər hansı ciddi tədbirlər görülmədiyinə görə bu ölkənin hərbi-siyasi rəhbərliyinin yeni cinayət əməllərinə rəvac verməsi qəbulolunmazdır.

- Ermənistanın son təxribatları ilə əlaqədar təsisatınız tərəfindən bəyanat və açıqlamalar yayımlanıb. Bölgədə sülhə əsas maneə və gərginliyi artıran faktor kimi nəyi hesab edirsiniz?

- Təbii ki, Ermənistan silahlı qüvvələrinin postmüharibə dövründə də Azərbaycana qarşı davamlı olaraq təxribatlar törətməsi ciddi narahatlıq doğurur.

12 sentyabr gecə saatlarından etibarən başlanmış, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan istiqamətlərində törədilmiş genişmiqyaslı təxribatçı hücum nəticəsində şəhidlər verdik, çoxsaylı hərbi qulluqçularımız yaralandı. Eyni zamanda, Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin də hədəfə alınması nəticəsində iki vətəndaşımız müxtəlif xəsarətlər aldı.

Ermənistanın həmin genişmiqyaslı təxribatları ilə bağlı müvafiq beynəlxalq təşkilatlara, həmkar qurumlara, diplomatik nümayəndəliklərə bəyanat ünvanlamışıq. Həmin bəyanat vasitəsilə dünya ictimaiyyətini regionda ədalətli və dayanıqlı sülhə təhdid yaradan Ermənistanın əməllərinə sərt reaksiya verilməsinə səsləmişik.

Bildirmək istərdim ki, Ermənistanın bu hücumları insanların həyat və sağlamlığına ciddi təhdid yaratmaqla, onların çoxsaylı fundamental hüquqlarını pozmuş oldu. Bu əməllər ilk növbədə beynəlxalq hüquq normalarına, eləcə də Ermənistan liderinin də imzaladığı üçtərəfli bəyanatların tələblərinə hörmətsizliyin göstəricisidir.

Bundan əlavə, müharibənin başa çatmasından bugünədək mina təhlükəsinin həm vətəndaşlarımızın işğaldan azad edilmiş doğma yurdlarına qayıdış prosesini ləngitməsi, həm də insanların ölümünə və əlilliyinə səbəb olmasını nəzərə alaraq, dəqiq mina xəritələrinin verilməsi ilə bağlı dəfələrlə beynəlxalq ictimaiyyətə çağırış etmişik. Lakin bu müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən bir neçə dəfə müxtəlif yollarla ərazilərin minalanmasına cəhdlər edilmişdir. Bu yaxınlarda Kəlbəcərdə diversant qrupun dərə boşluqlarına mina basdırmasının qarşısı alınmışdır. Habelə Zəngilanda Ordumuzun sıralarında çoxsaylı canlı və texniki itkiyə səbəb olmaq üçün hazırlanmış, çəkisi 55 kq-dan artıq olan partlayıcı qurğu, Xocalıda isə tələ-minalar aşkarlanaraq zərərsizləşdirilmişdir. Bu da özlüyündə Ermənistanın bütün xəbərdarlıqlara baxmayaraq, beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq və insan hüquqlarına saymazyana münasibəti ilə yanaşı, həm beynəlxalq səviyyədə cəzasızlığın bu cür mənfi nəticələrə gətirib çıxardığını sübut edir.

Hesab edirik ki, bütövlükdə bu siyasətin arxasında Azərbaycana qarşı etnik zəmində nifrət dayanır. Erməni icmalarının xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə “dinc aksiya” adı altında hücumlar etməsi, müxtəlif şüarlar səsləndirməsi və vandalizm xarakterli aktlar törətməyə cəhdləri də bunu göstərir. Həmin hücumlarla bağlı beynəlxalq ictimaiyyətə rəyimizi bildirdik, eyni zamanda səfirliklər və diplomatların təhlükəsizliyinin təmin olunması ilə bağlı diplomatik nümayəndəliklərimizin yerləşdiyi ölkələrə çağırış etdik. Belə ki, ev sahibliyi edən dövlətlərin beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəliklərə əsasən bu cür hücumların qarşısı alınmalıdır.

- Bu mövzuda Azərbaycana beynəlxalq dəstəyin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Azərbaycanın “Böyük Qayıdış” prosesinə start verdiyi, işğal dövründə dağıdılmış ərazilərdə hərtərəfli quruculuq işləri apardığı bir vaxtda Ermənistanın bu cür düşmənçiliyə yönəlik addımlar atması qətiyyətlə pislənməlidir. Belə ki, İkinci Qarabağ müharibəsindən sonra bölgədə sülhün bərqərar olması üçün çox vacib fürsətlər yaranmışdı. Bu, həm də Ermənistan tərəfinin, onun əhalisinin xeyrinə idi. Lakin çox təəssüf edirik ki, Ermənistan nəinki bu cür təşəbbüslərə laqeyd yanaşdı, hətta çoxsaylı təxribatlar törətməklə pozuculuq niyyətini də göstərmiş oldu.

Bir daha xatırlatmaq istərdim ki, bu baxımdan beynəlxalq səviyyədə təsir mexanizmlərinin də rolu önəmlidir. Xalqımız 30 ilə yaxın işğal və etnik təmizləmə siyasətinin nəticələrindən əziyyət çəksə də, beynəlxalq səviyyədə Ermənistana qarşı qəti tədbirlər görülməmişdir. Artıq bölgədə yeni reallıqlar yarandığına görə müvafiq beynəlxalq qurumlar ədalətli yanaşma göstərməklə, gərəksiz və insan həyatına qəsd edən təxribatları qınamalı, Cənubi Qafqaz regionunda sülh quruculuğu prosesinə töhfə verməlidirlər. Biz də Ombudsman təsisatı olaraq, fəaliyyətimizdə prioritet kimi seçdiyimiz bu istiqamətdə lazımi töhfələr verməyə davam edəcəyik.

Ümid edirəm ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi də son hadisələrin nəticələrindən dərs çıxararaq, sülh və birgəyaşayış istiqamətində səylər göstərəcək, beynəlxalq ictimaiyyət isə sülhpərvər mövqe göstərməklə bu istiqamətdə ölkəmizə dəstək göstərəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti