...

Hərbi attaşelər və media nümayəndələri Sarıbaba istiqamətində mina sahəsinə baxış keçiriblər (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 24 Noyabr 2022 14:27 (UTC +04:00)
Hərbi attaşelər və media nümayəndələri Sarıbaba istiqamətində mina sahəsinə baxış keçiriblər (FOTO) (ƏLAVƏ OLUNUB)

Laçın. Trend:

Hərbi attaşelər və media nümayəndələri Sarıbaba istiqamətində mina sahəsinə baxış keçiriblər.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin aşkar etdiyi Ermənistan istehsalı olan piyada əleyhinə mina sahəsinə baxış keçiriblər.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən səfərdə nümayəndələrə ərazidə aparılan minatəmizləmə tədbirləri və noyabrın 21-də aşkar olunan 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina sahəsi haqqında ətraflı məlumat verilib.

XXX
14:08

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri erməni silahlı dəstələrinin Laçın rayonunun Sarıbaba yüksəkliyində minaladığı ərazilərə baxış keçirir.

Trend-in Qarabağ bürosu xəbər verir ki, hərbi attaşelərə minalanmış ərazilər barədə məlumat verilib. Onlara minalar və partlamamış hərbi sursatlarla çirkləndirilmiş ərazilər göstərilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

Ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

XXX
11:02

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri Şuşa şəhərindən Laçına yola düşüb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan səfərdə iştirak edən nümayəndə heyəti erməni silahlı dəstələrinin Laçın rayonu Sarıbaba yüksəkliyində minaladığı ərazilərə baxış keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti