...

Prezident İlham Əliyev: İstəyirik ki, bundan sonra da Azərbaycan-Serbiya əlaqələri sürətlə inkişaf etsin

Siyasət Materials 21 Dekabr 2022 16:11 (UTC +04:00)
Prezident İlham Əliyev: İstəyirik ki, bundan sonra da Azərbaycan-Serbiya əlaqələri sürətlə inkişaf etsin

Bakı. Trend:

Biz istəyirik ki, bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf etsin və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunsun.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatla çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bir ay bundan əvvəl Prezident Vuçiçin dəvəti ilə mən Serbiyada rəsmi səfərdə olmuşam. Fürsətdən istifadə edərək mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, təəssüratlarımı bölüşmək istəyirəm. Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada olan vəziyyət, gedən inkişaf məni çox təsirləndirdi. Prezident Vuçiçin uzaqgörən siyasəti nəticəsində Serbiya hərtərəfli inkişaf edir, həm şəhərsalma sahəsində, eyni zamanda, iqtisadi və sənaye inkişafı sahəsində, kənd təsərrüfatı sahəsində. Bu, bizim gələcək əməkdaşlığımız üçün yeni imkanlar yaradır. Çünki həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir.

Şadam ki, əziz dostum mənim dəvətimi qəbul edib və bir ay keçmədən Bakıya səfər edib. Bu onu göstərir ki, əlaqələrimizin dinamikası doğrudan da çox müsbətdir. Biz keçən ay Belqradda qəbul etdiyimiz qərarların tezliklə yerinə yetirilməsini arzulayırıq. Nəinki arzulayırıq və eyni zamanda, hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verildi. Bilirəm ki, bu ay ərzində bizim müvafiq strukturların rəhbərləri bir-biri ilə təmasda olmuşlar və bu gün bu təmaslar davam edir. Bir sözlə, biz istəyirik ki, bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf etsin və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti