Bakı. Trend:
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfrans keçirilib.
Trend-in məlumatına görə, tədbir “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunub.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov açılış nitqi ilə çıxış edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin içracı direktoru “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair” I Dövlət Proqramının tədbirlər planı ilə bağlı təqdimatla çıxış edib.
Daha sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər naziri Muxtar Babayev “Böyük Qayıdış Proqramının ekoloji
aspektləri”, Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin
Əmrullayev “Böyük Qayıdışda insan kapitalının rolu”, Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Anar Quliyev “Böyük Qayıdış: Şəhərsalma siyasətinin hədəfləri”
mövzularında məruzələr ediblər.
Bildirilib ki, Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikası
öz torpaqlarını azad etməklə tarixi inkişafının dayanıqlı sülhə,
tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni
mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin Sərəncamı ilə
“İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Azərbaycanın
2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub.
Bu Milli Prioritetlər əsasında yeni inkişaf mərhələsindəki
hədəflərə çatmağa xidmət edən “Azərbaycan Respublikasının
2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”
hazırlanıb. Strategiyada əks olunan Milli Prioritetin icrasının
təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq
edilib. Dövlət Proqramında işğaldan azad edilən ərazilərdə aparılan
bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən
məqsədlər və onlara uyğun hədəf göstəriciləri, əhalinin doğma
torpaqlarına geri qayıdışı məsələləri, müvafiq vəzifələrin yerinə
yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək
tədbirlər öz əksini tapıb. Dövlət Proqramının Tədbirlər Planı
bölməsində 25 fəaliyyət istiqaməti üzrə görüləcək 188 tədbirin
icrası nəticəsində 237 ilkin, 238 aralıq və 163 yekun nəticə
indikatorları olmaqla toplam 638 indikator müəyyənləşdirilib.
Tədbirin sonunda konfrans iştirakçıları adından Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul
edilib. Müraciəti YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri
Tahir Budaqov səsləndirib.
Konfransda dövlət və hökumət rəsmiləri, Yeni Azərbaycan Partiyasının nümayəndələri, millət vəkilləri, ictimai xadimlər və mətbuat nümayəndələri iştirak ediblər.