...

Azərbaycan və Ermənistan arasında sülh vacibdir - ATƏT sədri

Siyasət Materials 12 Aprel 2023 14:12 (UTC +04:00)
Azərbaycan və Ermənistan arasında sülh vacibdir - ATƏT sədri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında sülh vacibdir.

Trend-in məlumatına görə, bu barədə Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani xarici işlər naziri Ceyhun Bayramov ilə birgə bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, dünən Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı insident və bu cür xoşagəlməz hallar regionda gərginliyin artmasına səbəb ola bilər.

"Azərbaycana gələn kimi Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşma ilə bağlı məlumat aldım. Həlak olanların ailəsinə başsağlığı verirəm. Belə hadisələr vəziyyəti daha da gərginləşdirə bilər. Biz əlimizdəki bütün imkanları təqdim edəcəyik ki, dialoq və kommunikasiya mümkün olsun", - deyə B.Osmani əlavə edib.

Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub. Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti