...

Ermənistan Prezident İlham Əliyevin mesajı barədə ciddi düşünməlidir - Kamaləddin Qafarov

Siyasət Materials 25 Aprel 2023 11:50 (UTC +04:00)

Bakı. Trend:

“Ölkə Prezidenti İlham Əliyevin mütəmadi olaraq Azərbaycanın rayon və bölgələrinə etdiyi səfərlər regionlarda görülən işlərin, həyata keçirilən irimiqyaslı layihələrin daim dövlət başçısının diqqət mərkəzində saxlandığını bir daha təsdiq edir. Digər tərəfdən, Prezident İlham Əliyevin rayon və bölgələrdə ictimaiyyətlə keçirdiyi görüşlər, çıxışlar və verdiyi müsahibələr ölkə ictimaiyyətini ən çox maraqlandıran və düşündürən məsələlər barədə dövlət başçısının öz fikirlərini səsləndirməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də bir çox önəmli açıqlamalar və təhlillər yer almışdır.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.

Deputat deyib: “Dövlət başçısının bu gün regionlara etdiyi səfərlərin böyük hissəsi məhz işğaldan azad edilmiş ərazilərin payına düşür. Bu, heç də təsadüfi deyil. Hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri dövlətin prioritet kimi müəyyən etdiyi əsas istiqamətlərdir. Prezident İlham Əliyevin dediyi kimi, bu bölgələrdə görülən işlər bir daha sübut edir ki, Azərbaycan xalqı artıq öz doğma dədə-baba torpaqlarına qayıdıb. Otuz il ərzində Ermənistan bu torpaqlarda daşı daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla, barbarlıqla məşğul olub. Azərbaycan isə bu torpaqlara qayıdan kimi qurub-yaratmağa başlayıb. Hazırda Ağalı və Talış kəndlərində keçmiş köçkünlər yaşayır. Bu iki layihə bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq. Azərbaycan İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə qazandı. Təəssüf ki, Ermənistanda revanşist qüvvələr yenə baş qaldırmaq istəyir və ölkəmiz, dövlətimiz daim hər cür fitnəkarlığa hazır olmalıdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müharibədən sonrakı iki il yarım ərzində ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. Nəticədə bu gün Azərbaycan Ordusu 2020-ci ildə Zəfər qazandığı zaman olduğundan qat-qat güclüdür. Təsadüfi deyil ki, dövlət başçısı öz müsahibəsində ordu quruculuğu və ölkənin müdafiə potensialı ilə bağlı olan bütün məsələlərin Qarabağın, Şərqi Zəngəzurun bərpası kimi, əsas vəzifələr olduğunu xüsusi vurğuladı.”

K.Qafarov Ermənistanla sülh danışıqları ilə bağlı Prezident İlham Əliyevin verdiyi açıqlamaların önəmini vurğulayaraq deyib: “Dövlətimizin başçısı jurnalistlərin Ermənistanla sülh danışıqlarının mövcud durumu ilə bağlı verdiyi sualı cavablandırarkən, ilk növbədə, bu prosesdə məhz Azərbaycanın irəli sürdüyü təşəbbüslərin əsas amil kimi çıxış etdiyini diqqət mərkəzinə çəkdi. Həqiqətən də işğala, 30 il ərzində xalqımıza qarşı davamlı olaraq törədilmiş erməni vəhşiliklərinə, barbarlığına baxmayaraq, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını məhz ölkəmiz təklif etmişdir. Bu məqsədlə Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan beş baza prinsipini ortaya qoymuşdur. Bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı əsasında danışıqların aparılması və sülh müqaviləsinin imzalanması mümkündür. Ermənistan da prinsip etibarilə məsələyə Azərbaycanın yanaşması ilə razıdır. Beləliklə, bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Qarabağda yaşayan ermənilərin isə iki yolu var: onlar ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da ki, ölkəmizi tərk etməlidirlər.”

Deputat bir neçə gün əvvəl Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın dövlət bayrağının yandırılması ilə bağlı Prezident İlham Əliyevin verdiyi açıqlamaların Ermənistana ciddi mesaj olduğunu qeyd edib: “Əlbəttə ki, baş vermiş bu çirkin hadisə erməni hökumətinin növbəti təxribatıdır. Öz müsahibəsində dövlətimizin başçısı birmənalı olaraq bəyan etdi ki, bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Əgər Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verirsə və buna heç bir reaksiya olmursa, deməli, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əmələ şərikdirlər. Heç şübhəsiz, ölkəmizə qarşı öz nifrətini yalnız bu cür alçaq və xain üsullarla nümayiş etdirə bilən vandallar bu gün Azərbaycan bayrağının Qarabağda və Şərqi Zəngəzurda dalğalandığını unutmamalıdırlar. Prezident İlham Əliyev birmənalı olaraq bildirdi ki, bu iyrənc təxribatın müəllifləri də, icraçıları da Azərbaycan Bayrağını istənilən an öz başlarının üzərində görə biləcəklərini daim xatırlamalıdırlar. Möhtərəm dövlət başçımızın səsləndirdiyi bu fikir Ermənistan üçün ciddi xəbərdarlıq mesajıdır. Əgər Ermənistan hökuməti öz ölkəsini və öz xalqını daha böyük fəlakətlərə sürükləmək istəmirsə, bu mesajın mümkün nəticələri barədə ciddi şəkildə düşünməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti