Bakı. Trend:
Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşdır.
Trend-in məlumatına görə, bunu Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson bu gün Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.
Baronessa Emma Nikolson, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizə səfər etdiyini bildirib.
Ticarət elçisi, ölkəmizin neft və qaz ehtiyatları ilə yanaşı, bərpa olunan enerjinin böyük potensialına da malik olduğunu diqqətə çatdırıb.
Azərbaycan və Böyük Britaniya arasında tərəfdaşlıq münasibətlərin hazırki səviyyəsindən razılığını bildirən Baronessa Emma Nikolson xüsusilə, enerji və ticarət sahələrində əlaqələrin yüksək inkişafını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.