...

Bu ölkənin QH-na üzvlüyü ilə bağlı müraciəti qeydə alınıb

Siyasət Materials 6 İyul 2023 19:51 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə Cənubi Sudanın tamhüquqlu üzvlüyü ilə bağlı müraciəti də qeydə alınıb.

Trend xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün yekunları bağlı jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, Cənubi Sudanın da üzv olması ilə QH ölkələrinin sayı 121-ə çatacaq.

“Üzv ölkələrin sayının artması beynəlxalq münasibətlər sistemində Hərəkatın önəmini bir daha vurğulayır. Digər uğur isə Özbəkistanın Uqandadan sonra Hərəkata sədrliyi ilə bağlı razılığın əldə olunmasıdır”.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunmuş tədbir keçirilib.

Bakıda keçirilən görüşdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir.

"Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik.

Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti