...

Avropa Parlamentinin bəzi deputatları öz əsassız bəyanatları ilə Ermənistanda revanşist qüvvələri şirnikləndirirlər - Tural Gəncəliyev

Siyasət Materials 2 Avqust 2023 13:41 (UTC +04:00)
Avropa Parlamentinin bəzi deputatları öz əsassız bəyanatları ilə Ermənistanda revanşist qüvvələri şirnikləndirirlər - Tural Gəncəliyev
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamentinin bəzi deputatları öz əsassız bəyanatları ilə Ermənistanda revanşist qüvvələri şirnikləndirir və Cənubi Qafqaz regionunda vəziyyətə xələl yetirirlər.

Trend çərşənbə günü xəbər verir ki, bunu Milli Məclisin deputatı, Baku Network ekspert platformasının direktoru Tural Gəncəliyev Avropa Parlamentinin Cənubi Qafqaz ilə əlaqələr üzrə nümayəndə heyətinin rəhbərinin və Avropa Parlamentinin Azərbaycan və Ermənistan üzrə daimi məruzəçilərinin qərəzli mövqeyinə cavab olaraq deyib.

"Təəssüfverici haldır ki, Avropa Parlamentinin bəzi üzvləri Azərbaycana qarşı əsassız bəyanatlarla çıxış edərək son otuz il ərzində Azərbaycan ərazisinin işğalına və dağıdılmasına göz yumurlar. Hətta son üç il ərzində Avropa Parlamentinin elə həmin deputatları Azərbaycan ərazisində on minlərlə qanunsuz erməni hərbi birləşmələrinin olmasını görməzdən gəlib, Ermənistan tərəfindən daha əvvəl işğal edilmiş ərazilərimizin partlayıcı minalarla çirklənməsi səbəbindən üzləşdiyimiz dəhşətli humanitar faciə barədə bir kəlmə də danışmayıblar. Avropa Parlamentinin həmin deputatları Ermənistanın postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə qeyri-dürüst və manipulyativ münasibətini heç görmədilər", - o deyib.

T.Gəncəliyev bildirib ki, Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsinin "blokadası" və "ağır humanitar vəziyyət" barədə iddialar beynəlxalq ictimaiyyəti manipulyasiya etməklə bağlı ehtiyatsız cəhdlərdən başqa bir şey deyil.

"Əfsuslar olsun ki, Avropa Parlamentinin bəzi deputatları bu manipulyasiyalara boyun əyir və doğru məlumatı tapmağa çalışmırlar. Avropa Parlamentinin deputatlarının iddialarının əksinə olaraq, Azərbaycan tərəfindən Ermənistanla sərhəddə "Laçın" buraxılış məntəqəsinin qurulması Azərbaycanın öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə yönəlmiş qanuni və legitim hərəkətidir. Bu, beynəlxalq hüquqa və formalaşmış beynəlxalq praktikaya tam uyğundur. Humanitar fəaliyyətdən sui-istifadə, o cümlədən Ermənistanın siyasi düşüncələrə görə humanitar yardımın təmin olunmasından könüllü imtinası beynəlxalq humanitar hüququn bariz şəkildə pozulmasıdır və bu səbəbdən qəbul edilməməlidir. Azərbaycan bununla əlaqədar olaraq, Ermənistanın humanitar yardım məsələsinin özünün mənfur məqsədləri üçün sui-istifadəsi və müvafiq beynəlxalq subyektləri, ilk növbədə Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) istifadə etməklə bağlı davamlı səylərini qətiyyətlə pisləyir", - deyə o vurğulayıb.

Deputat bildirib ki, "Laçın" sərhəd-buraxılış məntəqəsi qurulduqdan sonra Azərbaycana qarşı təxribatı ilk Ermənistan başladıb.

"Silahlı təxribat məhz BQXK kolonunun sərhəd-buraxılış məntəqəsinin birbaşa yaxınlığında olduğu və Qarabağın erməni sakinlərinin Ermənistana tibbi məqsədlərlə yola düşən qrupunun müşayiət olunması üzrə əvvəlcədən planlaşdırılmış əməliyyatı həyata keçirdiyi vaxt baş verdi. Beləliklə, 15 iyun 2023-cü il tarixindəki silahlı hücum təkcə Azərbaycan sərhədçilərinə qarşı yönəlməmişdi, həm də nəzarət-buraxılış məntəqəsindən keçməyə çalışan BQXK əməkdaşlarını və mülki şəxsləri də təhlükə altında qoydu. Lakin Ermənistan öz təxribatlarına son vermədi və özünün Azərbaycanın suveren ərazisində yerləşmiş qanunsuz hərbi qüvvələrini təmin etmək məqsədilə ağılsızca BQXK tərəfindən icarəyə götürülmüş nəqliyyat vasitələrindən mal qaçaqçılığı üçün istifadə etməyə cəhd göstərdi. Bu, beynəlxalq humanitar hüququn bariz şəkildə pozulması olmaqla BQXK-nin humanitar mandatına və beynəlxalq nüfuzuna ciddi zərbədir", - deyə o əlavə edib.

T.Gəncəliyev qeyd edib ki, Azərbaycan BQXK-yə humanitar fəaliyyət üçün Ağdam-Xankəndi marşrutundan istifadəni təklif edib və bunun üçün lazımi hər bir şəraiti yaratmağa hazır olduğunu bildirib.

"Azərbaycan yerli sakinlərə malların ötürülməsi üçün Ağdam-Xankəndi marşrutundan istifadə imkanını Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel kimi beynəlxalq iştirakçıların vasitəçiliyi ilə Ermənistan tərəfi ilə keçirilən görüşlərdə təsdiqləyib. Aİ Şurasının prezidenti görüşün yekunları üzrə ictimaiyyətə açıqlamasında Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi marşrutundan istifadəni təşviq edib. Məhz Ermənistan Azərbaycanın Qarabağ bölgəsində qanunsuz rejim yolu ilə yüklərin və xidmətlərin çatdırılması üçün alternativ marşrutlardan istifadəyə qarşı "ictimai etirazlar" təşkil edir, eləcə də özünün milli və irqi nifrətə əsaslanan mənfur siyasətinin reallaşdırmaq üçün sakinlərdən ağılsızcasına istifadə edir. Ağdam-Xankəndi yolu hazırda yüklərin çatdırılmasına, o cümlədən BQXK-yə məxsus nəqliyyat vasitələrinin keçidinə mane olmaq məqsədilə Ermənistana tabe olan qanunsuz rejim tərəfindən döşənilmiş beton bloklarla bağlanıb. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin son qərarına gəlincə, Məhkəmə Ermənistanın 6 iyul 2023-cü il tarixli tələbini birmənalı şəkildə rədd edərək Ermənistanın Azərbaycan tərəfindən qurulmuş sərhəd-buraxılış məntəqəsinin guya "qanunsuz" olduğuna dair iddialarının heç bir əsası olmadığını faktiki olaraq təsdiqlədi", - deputat deyib.

T.Gəncəliyev Avropa Parlamentinin deputatlarını yuxarıda sadalanan faktlara göz yummamağa, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş əməllərinə son verməyə və Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb.

"Onlar öz əsassız bəyanatları ilə Ermənistanda revanşist qüvvələri şirnikləndirir və onsuz da qeyri-sabit olan regionda vəziyyətə xələl yetirirlər. Bunun yerinə onlar Ermənistanla Azərbaycan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin pozulmazlığını qarşılıqlı tanıma və hörmətə əsaslanmış dövlətlərarası münasibətlərin normallaşmasına köməklik göstərməyə daha çox fokuslanmalıdırlar", - deyə T.Gəncəliyev son olaraq deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti