Bakı. Trend:
Azərbaycan tərəfindən saxlanılan bütün erməni separatçıların hamısının əli günahsız azərbaycanlıların qanına batıb. Onların tutularaq Bakıya gətirilməsi və istintaqa təhvil verilməsi hüquq-mühafizə orqanlarının zərgərlik dəqiqliyi ilə, operativ şəkildə həyata keçirdiyi tədbirlərin nəticəsidir.
Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.
“Azərbaycan antiterror tədbirlərini elə zamanda keçirdi ki, separatçılar qaçmağa macal tapa bilmədilər. Onların tutulması bu günün işi deyil, böyük masştabda görülən işlərin nəticəsidir. Azərbaycan tərəfindən Laçın nəzarət keçid məntəqəsi fəaliyyətə başladıqdan sonra separatçıların əlləri hər şeydən üzüldü, onlara silah və digər dəstək gəlmədi.
Eyni zamanda, Azərbaycan onların silahları və yerləri barədə məlumata malik idi. 19-20 sentyabrda keçirilən lokal antiterror tədbirləri nəticəsində onların bu silahlardan istifadə etməsinə imkan verilmədi. Düzdür, itkilərimiz oldu, Allah şəhidlərimizə rəhmət etsin, yaralılara şəfa versin. Amma terrorçular bizdən qat-qat artıq itki verdi”, - deyə A.Qarayev vurğulayıb.
O qeyd edib ki, Qarabağ ərazisində erməni separatçılar tərəfindən Azərbaycan xalqına qarşı törədilən hər bir cinayət Azərbaycan hüquq-mühafizə orqanları tərəfidən qeydə alınırdı.
“Separatçılar elə bilirdilər ki, törətdikləri cinayətlər hamının yadından çıxıb. Ancaq Azərbaycan xalqının yadından heç bir şey çıxmır. Ələxsus da xalqımıza qarşı törədilən belə qatı cinayətlər heç vaxt yaddan çıxa bilməz. Bundan sonra da terroçuların tutulması davam edəcək. Azərbaycanın siyahısında 300-ə qədər qatı cinayət törətmiş erməni terrorçuları var. Onların hamısı tutulub istintaqa təhvil veriləcək. Sarkisyan, Koçaryan da canidirlər”, - deyə A.Qarayev əlavə edib.
A.Qarayev bildirib ki, bu gün Fransanın və digər dövlətlərin bizi guya "soyqırımı"nda günahlandırması absurd məsələdir:
“Azərbaycanın müraciəti əsasında BMT-nin missiyası bölgəyə gəldi, araşdırdılar, bir erməniyə qarşı zorakılıq tapmadılar. Bununla da bir daha erməni yalanları ifşa edildi. Haqq-ədalət Azərbaycanın tərəfindədir, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz suveren ərazilərində nəzarəti tam bərpa etdi. Bundan sonra qarşıda dayanan əsas məsələlərdən biri bütün terrorçuları tutub istintaqa təhvil verməkdən ibarətdir”.
Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Sahakyan (2007-2020), Araik Arutyunyan, “Daşnaksutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.