Bakı. Trend:
Bundan sonra Allahın bizə verdiyi ömrümüzün qalan hissəsini doğma kəndimizdə keçirəcəyik.
Bunu Trend-ə Ağalı kəndinə geri dönən kənd sakini Quliyev Füzuli deyib.
O qeyd edib ki, Zəngilanı tərk etdiyimiz günlər bizim üçün çox ağır idi.
“24 yaşımda oranı tərk etmişəm və 30 ildə Vətən həsrəti ilə yaşamışam, əziyyətli günlərimiz çox olub. O günləri yada salmaq istəmirəm. Allaha şükürlər olsun ki, bu həsrət sona çatdı və biz artıq doğma kəndimizə qayıdırıq, gələcəyə baxırıq. Kəndimizdə əkinçiliklə məşğul olacağıq, kəndimizin əvvəlki həyatını yenidən hiss edəcəyik.
Mən cənab Prezidentimiz İlham Əliyevə can sağlığı arzu edirəm, Allahdan qazilərimizə şəfa, şəhidlərimizə rəhmət diləyirəm. Onlar bizə bu sevinci yaşatdı, bizi doğma yurdumuza qaytardı”, - deyə o əlavə edib.
Qeyd edək ki, oktyabrın 28-da Abşeron rayonunun Masazır
kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti
köç karvanı yola salınıb.
İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda
müvəqqəti məskunlaşmış 25 ailə - 127 nəfər bundan sonra doğma
yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə
tamamilə dağıtıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin
sakinləridir.
Bununla da indiyədək Ağalı kənddə daimi məskunlaşdırılan ailələrin sayı 175-ə (871 nəfərə) çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.