Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında quru və dəmir yolunun bərpası ilə bağlı vəziyyətə aydınlıq gətirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, artıq İranla bu istiqamətdə ilkin təmaslara başlanılıb.
"Bu istiqamətdə səlahiyyətli nazirlər tərəfindən işlər aparılmaqdadır. Yəni, praktiki iş başlayıb. Zəngilanda, Ağbənddə Araz üzərindən körpülər tikilərək İran ərazisinə keçmək, oradan da Naxçıvana quru və dəmir yolu xətlərinin tikintisi davam etdirilir.
Təəssüf ki, son 3 ildə Ermənistan bu xəttin tikilməsi, irəli aparılması üçün ciddi addım atmadı. Biz də Ermənistanın nə vaxt qərar qəbul edəcəyini gözləyə bilmərik. Gördüyünüz kimi, orta dəhlizdə yeni imkanlar əmələ gəlir və bu fürsətləri də doğru, düzgün qiymətləndirərək əlaqələri qurmalıyıq", - deyə o qeyd edib.
Qeyd edək ki, Araz çayı üzərində tikiləcək yeni körpü strateji xarakter daşıyır və Azərbaycan ilə İran arasında iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin artmasına böyük töhfə verəcək. Ağbənd körpüsü İran ilə Azərbaycanı yalnız avtomobil yolu ilə deyil, həmçinin dəmir yolu ilə birləşdirəcək. Dəmir yolu Ağbənddən İran ərazisinə keçərək Naxçıvanın Culfa şəhərinə kimi uzanacaq. Yolun tikintisi 1 il davam edəcək. Azərbaycanla İran arasındakı razılaşmaya əsasən, burada gömrük-keçid məntəqəsi və terminal da inşa ediləcək. Yeni körpü tranzit yükdaşımaların inkişafına da geniş imkanlar yaradacaq.