...

Azərbaycan və Ermənistan tərəfi delimitasiya komissiyasının görüşlərini intensivləşdirir

Siyasət Materials 30 Noyabr 2023 15:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

30 noyabr tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.

Trend xəbər verir ki, tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər, həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər.

Xatırladaq ki, noyabrın 21-də Ermənistanın Xarici İşlər Nazirliyindən Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatına cavab olaraq bildirilib ki, İrəvan Bakı ilə danışıqlarda iştirak etməyə hazırdır.

Bəyanatda qeyd olunub ki, Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşması, həmçinin, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün səylər göstərməkdə siyasi iradəsini təsdiqləyir.

Qeyd edək ki, rəsmi Bakı Azərbaycanın sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu açıqlayıb.

Xəbər lenti

Xəbər lenti