...

20 Yanvar faciəsini törətməklə xalqımızın azadlıq mübarizəsini qırmaq istəyirdilər – Deputat

Siyasət Materials 20 Yanvar 2024 11:55 (UTC +04:00)
20 Yanvar faciəsini törətməklə xalqımızın azadlıq mübarizəsini qırmaq istəyirdilər – Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün totalitar Sovet rejimi tərəfindən xalqımıza qarşı törədilən qanlı 20 Yanvar faciəsinin 34 ili tamam olur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, bu qanlı faciəni törətməklə sovet rejimi xalqımzın gözünü qorxutmaq, milli azadlıq, müstəqillik əzmini qırmaq istəyirdi.

“Bu hadisə nəinki Azərbaycan, ümumiyyətlə, bəşər tarixinə qara hərflərlə yazılan bir günə, qara ləkəyə çevrildi. Yüzlərlə insanın qətlə yetirilməsi, yaralanması və itkin düşməsi totalitar rejimin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Öncədən hazırlanan bu qanlı cinayətin çirkin niyyəti Azərbaycan xalqının demokratiya və milli azadlıq mübarizəsini boğmaq idi. Lakin bu hadisə xalqımızın mübarizlik ruhunu nəinki qıra bilmədi, əksinə, daha da gücləndirdi, xalqımızın eyni amal uğrunda möhkəm birləşməsinə səbəb oldu və xalqımız heç bir gücün məğlub edə bilməyəcəyi qüdrətli bir sipərə çevrildi”, - deyə deputat bildirib.

O qeyd edib ki, qanlı yanvar hadisələrin coğrafiyası təkcə Bakı şəhəri ilə məhdudlaşmadı.

“Fövqəladə vəziyyət elan olunanadək Azərbaycanın bir sıra rayonlarında cinayətlər törədilmişdi. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda cəmi 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir”, - deyə A.Həsənova əlavə edib.

Deputat qeyd edib ki, faciədən sonra sonra xalq daha bir gerçəkliyin şahidi oldu, milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü.

“20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Bu baxımdan 20 Yanvar faciəsi həmçinin xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixində həm də qəhrəmanlıq səhifəsi oldu”, - deyə deputat əlavə edib.

A.Həsənova vurğulayıb ki, o zaman bu qanlı hadisəni beyəlxalq arenaya çıxarmaq, aqressiv və qəddar sovet hakimiyyətinin bu cinayətlərini ifşa etmək olduqca çətin və təhlükəli bir məsələ idi.

“1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi”, - deyə deputat bildirib.

O əlavə edib ki, 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş 20 yanvar şəhidləri daim Azərbaycan xalqının qəlbinə yaşayır, xalqımız həmişə onların əziz xatirəsini ehtiramla yad edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti