Bakı. Trend:
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi
səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri
Şahbaz Şərif ilə görüşüb.
XİN-dən Trend-ə verilən xəbərə
görə, görüş zamanı tərəflər, Azərbaycanla Pakistan arasında mövcud
strateji əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksək
səviyyəli qarşılıqlı səfərlərin, habelə beynəlxalq təşkilatlar
çərçivəsində qarşılıqlı dəstəyin önəmini vurğulayıb.
Tərəflər, iqtisadiyyat, ticarət, enerji, turizm, təhsil, elm və
mədəniyyət, nəqliyyat, eləcə də müdafiə sahəsində əməkdaşlıq
imkanlarını müzakirə ediblər.
Tərəflər hökumətlərarası iqtisadi komissiyanın iclaslarının
mütəmadi əsasda keçirilməsinin önəminə diqqət çəkərək, ikitərəfli
iqtisadi münasibətlərin, xüsusilə də enerji və qarşılıqlı sərmayə
qoyuluşu sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə
toxunublar.
Bununla yanaşı, Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq
formatının bütün istiqamətlər üzrə fəaliyyətinin gücləndirilməsinin
qarşılıqlı faydalı əməkdaşlığa xüsusi töhfə verməklə yanaşı, hər üç
ölkənin regional və qlobal mövqelərinin möhkəmlənməsinə xidmət
edəcəyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin
İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri
üçün əlverişli imkan yaratdığını vurğulayıb.
Görüşdə gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq
kəsb edən ikitərəfli və çoxtərəfli mövzular ətrafında fikir
mübadiləsi aparılıb.